Direktor: "Ölən uşağın ailəsinin klinikaya olan borcu silinib"

Direktor: "Ölən uşağın ailəsinin klinikaya olan borcu silinib" Həmin borc klinikanın daxili imkanları hesabına ödəniləcək
Sağlamlıq
11 Mart , 2016 11:44
Direktor: Ölən uşağın ailəsinin klinikaya olan borcu silinib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-terapevtik klinikasında dünyasını dəyişən 5 yaşlı Ömər Fətəliyevin ailəsinin klinikaya borcunun olması məsələsinə aydınlıq gətirilib. ATU-nun Tədris-terapevtik klinikanın direktoru Surxay Musayev "Report"a deyib ki, həmin borc artıq silinib.

Onun sözlərinə görə, klinikada xidmət ödənişli olduğu üçün prinsipcə depozit ödənilməlidir: "Çünki uşaq klinikada olduğu müddətdə ona dərmanlar vurulub, xidmət göstərilib. Həmin uşaq klinikaya çox ağır vəziyyətdə gətirilmişdi və həkimlərin səyinə baxmayaraq, o, martın 9-da dünyasını dəyişdi. Mənə də klinikanın işçiləri dedi ki, ailənin maddi vəziyyəti yaxşı deyil və onların 409 manat borcları qalıb. Mən də onlara bildirdim ki, borcu silin və təqdimat hazırlayıb mənə verin, klinikanın daxili imkanları hesabına həmin borcu ödəyəcəyik.

Ailə getməmişdən qabaq burada hər kəslə halallaşıb borcu qaytaracaqlarını demişdilər. Mən isə ailəyə borcun silinməsi ilə bağlı məlumatın çatdırılmasını istədim. Uşağın nənəsi Təranə xanıma bu məsələ deyilib. Onunla danışanda ailənin bütün üzvləri yanında olub. Mən direktor kimi əmr imzalamışam və borc silinib. Çünki ölüm halları olanda adətən imkansız ailələlərə belə edirik". 

Son xəbərlər

Orphus sistemi