Səhiyyə naziri: “Nikaha daxil olmaq üçün müayinədən keçənlərin 7 faizində irsi qan xəstəlikləri aşkar olunub”

Səhiyyə naziri: “Nikaha daxil olmaq üçün müayinədən keçənlərin 7 faizində irsi qan xəstəlikləri aşkar olunub” Çəkisi 500 qramdan artıq olan 40 faizə yaxın körpə xilas edilib
Sağlamlıq
9 İyul , 2016 11:19
Səhiyyə naziri: “Nikaha daxil olmaq üçün müayinədən keçənlərin 7 faizində irsi qan xəstəlikləri aşkar olunub”

Bakı. 9 iyul. REPORT.AZ/ “Əfsuslar olsun ki, nikaha daxil olmaq üçün müayinədən keçənlərin 7 faizində irsi qan xəstəlikləri aşkar olunub. Ancaq bu müayinələr həm aşkar olunan xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir”.

“Report”un məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, nikaha daxil olan şəxslərin tibbi müayinədən keçirilməsi kifayət qədər mürəkkəb proses olsa da, qısa vaxt ərzində Bakı şəhəri ilə yanaşı, bütün regionlarda nikaha girənlərin tibbi müayinəsinin təşkilinə nail olunub.

O, həmçinin əlavə edib ki, ölkədə hazırda 300 minə qədər şəkərli diabet xəstəsi bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman, özünənəzarət vasitələri və digərləri ilə tam təmin olunurlar.

O. Şirəliyev ötən ildən etibarən uşaqlara dərmanın insulin pompası vasitəsilə yeridildiyini, bunun da onları gün ərzində bir neçə dəfə iynə vurmaq əziyyətindən qurtardığını, həyat keyfiyyətlərinin yaxşılaşdırıldığını bildirib.

O, eyni zamanda vurğulayıb ki, Azərbaycanda ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq diridoğulmanın yeni meyarlarına keçilib: “Əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq olan bütün körpələr diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir. Tibb işçilərinin səyi nəticəsində onların təxminən 40%-ə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir. Ölkədə ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb”.

Son xəbərlər

Orphus sistemi