Yuxarı
    Bağlamaq

    Nikaha daxil olmaq istəyən 5 mindən çox insanın talassemiya daşıyıcısı olduğu aşkarlanıb

    Son altı ayda 51 nəfərdə İİV infeksiyası, 183 nəfərdə isə sifilis qeydə alınıb

    Bakı. 2 dekabr. REPORT.AZ/ "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq iyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 75 min insan tibbi müayinədən keçib". Bunu "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

    Onun sözlərinə görə, həmin şəxslərin 5 034 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkarlanıb: "Onların özlərinə də məlumat verilib. Hətta onların arasında evlənməyənlər də olub. Müalicələrin nəticələri həmin şəxslərin qeydiyyatda olduğu tibb müəssisələrinə göndərilir. Eyni zamanda, müayinə aparıldığı gündən bu yana 40-a yaxın cütlükdə, yəni cütlüyün hər ikisində də talassemiya olduğu məlum olub".

    İnstitut direktoru onu da vurğulayıb ki, son altı ayda 51 nəfərdə İİV infeksiyası, 183 nəfərdə isə sifilis qeydə alınıb: "İİV infeksiyası ilə bağlı məlumatlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. Çünki həmin şəxslər təkrar müayinədən keçməlidir".

    Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqlənməsi ilə əlaqədar bu il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib.

    Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

    Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi