Nazirlik rəsmisi: “İnsanlar bəzən xəstəlikləri ilə bağlı hara müraciət edəcəklərini bilmirlər”

Nazirlik rəsmisi: “İnsanlar bəzən xəstəlikləri ilə bağlı hara müraciət edəcəklərini bilmirlər” Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinə iki il ərzində 61 452 müraciət daxil olub
Sağlamlıq
1 Fevral , 2017 12:49
Nazirlik rəsmisi: “İnsanlar bəzən xəstəlikləri ilə bağlı hara müraciət edəcəklərini bilmirlər”

Bakı. 1 fevral. REPORT.AZ/ “Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin fəaliyyət göstərdiyi iki il ərzində ümumilikdə bu quruma 61 452 vətəndaş müraciət edib”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mərkəzin koordinatoru Nailə Daşdəmirova deyib.

Onun sözlərinə görə, müraciətlərin 43 062-si (70%) sorğu xarakterli, 8 299-u (14%) müalicə ilə əlaqədar olub: “Həmçinin, iki il ərzində vətəndaşlardan yalnız 365 şikayət daxil olub. Bu şikayətlər müvafiq səhiyyə orqanları tərəfindən operativ şəkildə araşdırılıb, bəziləri əsassız sayılıb, digərləri ilə bağlı müvafiq tədbirlər görülüb”.

N.Daşdəmirova qeyd edib ki, əsassız sayılan şikayətlərin çoxu vətəndaşların xəstəlikləri ilə bağlıdır: “Belə ki, insanlar hər hansı xəstəlikləri ilə bağlı ilk olaraq hara müraciət edəcəklərini bilmirlər. Onlar bir çox tibb müəssisəsilərini yanlış seçdiklərinə görə şikayətlər üzə çıxır. Vətəndaş bilməlidir ki, hansı xəstəliklə bağlı hansı səhiyyə ocağına müraciət etməlidir. Müraciətlər ilk növbədə poliklinika səviyyəsindən başlamalıdır. Vətəndaş heç bir göndəriş olmadan birbaşa xəstəxanaya getdikdə və qəbul edilmədikdə sonradan müxtəlif problemlər meydana çıxır. Şikayətlər paytaxt və regionlar üzrə bərabərdir”.

Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əməkdaşı Sevda Qafarova isə bildirib ki, “9103- Qaynar xətt” xidmətinə iki il ərzində 30 576 müraciət daxil olub. Müraciətlərin 19 008-i (62%) sorğu xarakterli olub.

O əlavə edib ki, "Qaynar xətt"ə əsasən tibbi yardımın təşkili ilə bağlı müraciətlər olur: “Müxtəlif ölkələrdən də bu xəttə müraciətlər edilir. Bir müddət öncə Gürcüstanda yaşayan ailənin əkiz övladı olmuşdu və onları Azərbaycana gətirilməsi üçün müraciət etmişdilər. Vaxtından əvvəl doğulan həmin əkizlər mərkəzin vasitəsilə küveyz aparatı ilə təchiz edilən sanitar avtomobillərlə Bakıdakı Elmi Tədqiqat və Pediatriya İnstitutuna çatdırılıb və orada yerləşdirilib”.

Son xəbərlər

Orphus sistemi