Bu ilin birinci yarısında Azərbaycanda 338 İİV-ə yoluxma halı qeydə alınıb

Bu ilin birinci yarısında Azərbaycanda 338 İİV-ə yoluxma halı qeydə alınıb İİV infeksiyası təsdiq olunmuş 5 240 nəfər rəsmi qeydiyyata götürülüb
Sağlamlıq
9 Sentyabr , 2015 16:55
Bu ilin birinci yarısında Azərbaycanda 338 İİV-ə yoluxma halı qeydə alınıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Bu ilin birinci yarısında Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 338 nəfər təşkil edib. Onlardan 328-i (97%) Azərbaycan vətəndaşı, 10 nəfəri (3%) isə əcnəbi vətəndaşlarıdır". Bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib.

Məlumata görə, qeydiyyata alınan 328 Azərbaycan vətəndaşından 224-ü (65,3%) kişi, 104-ü (34,7%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 109 nəfər olub.

Bu ilin ilk yarısında İİV infeksiyasından 27 nəfər vəfat edib.

Eyni zamanda, bu ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunan Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub:

- 86 nəfər (26,2%) parenteral kontakt,

- 191 nəfər (58,2%) heteroseksual kontakt,

- 11 nəfər (3,4%) homoseksual kontakt nəticəsində,

- 5 nəfər uşaq (1,5%) İİV-müsbət anadan yoluxub,

- 35 nəfərin (10,7%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2015-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5240 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 5 063 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 177 nəfəri (3,4%) isə əcnəbilərdir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3 821-i (75,5%) kişi, 1 242-si (24,5%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1 628 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1 602 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 719 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 709 nəfər olub.

Azərbaycan vətəndaşında ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2015-ci ilin 6 ayının sonunadək 5 063 İİV-ə yoluxmuş insandan 1 291-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3 262-sı (73,7%) respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 34 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.

5 063 nəfər Azərbaycan vətəndaşından 2673-də (52,8%) İİV-ə yoluxma inyeksiya şəklində narkotik istifadəsi nəticəsində, 1 860-də (36,7%) heteroseksual, 88-də (1,7%) isə homoseksual kontakt nəticəsində, 72-də (1,4%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib; 324 nəfərdə (7,3%) yoluxma yolu müəyyən edilməyib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. 2006-cı ildən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 2649 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 273 nəfərə müalicə 2015-ci ilin 6 ayı ərzində başlanılıb.

Son xəbərlər

Orphus sistemi