​Mütəxəssis: "Allergiya xəstəliyi olanlar zəhərsiz ilan sancmasından ölə bilər"

​Mütəxəssis: "Allergiya xəstəliyi olanlar zəhərsiz ilan sancmasından ölə bilər" "İlan sancmaları çox vaxt təsadüf nəticəsində baş verir"
Sağlamlıq
3 Avqust , 2016 17:02
​Mütəxəssis: Allergiya xəstəliyi olanlar zəhərsiz ilan sancmasından ölə bilər

Bakı. 3 avqust. REPORT.AZ/ "İlan, həşərat sancmaları zamanı yaranı kəsmək, sormaq təhlükə risklərini artırır. Zəhəri soran insan hiss etmədən onu uda bilər ki, bu da ikinci bir insanın zəhərlənməsi təhlükəsini yaradır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İntitutunun kiçik elmi işçisi, ilan üzrə mütəxəssis Anar Cəfərov deyib.

Mütəxəssis Şamaxı rayonu, Quşçu kənd sakini 14 yaşlı Ruqiyə Adıgözəlovanın zəhərli həşəratın sancması nəticəsində ölməsi barədə danışıb. Onun sözlərinə görə, zəhərli əqrəblər, qaraqurd adlandırılan böcəklər Şamaxının Qobustan fiziki-coğrafi ərazisinə aid olan hissəsində geniş yayılıb. 

A.Cəfərov bildirib ki, həşəratların hamısı zəhərli olmasa da, dişlədikləri yerə infeksiya keçdiyi üçün iki-üç gün əziyyət verə bilir: "Abşeron, Qaradağ kimi rayonlarda qaraqurd, Kürdəmir, Yevlax, Hacıqabul və s. rayonların ərazisində ilanlar çox olur. Hündürlükdə yerləşən meşələrə qalxanda da ehtiyatlı olmaq lazımdır. Çünki hündür meşələrdə gürzələrə rast gəlinir. İlan sancmaları çox vaxt təsadüf nəticəsində baş verir. İnsanlar bilmədən ilanın üzərinə basdıqda onlar əsəbləşir və sancırlar. Daha çox uşaqlar tanımadıqları böcəklərə əl uzadırlar. Torpaqda dərin yuvalar olur. Həmin yuvaların çoxunda zəhərli hörümçək olduğundan ehtiyatlı olmaq lazımdır. Onların sancması nəticəsində insan xəstəxanalıq ola bilər. Daşların altında əqrəblər daha çox olur".

A.Cəfərov bildirib ki, ilan sancması zamanı ən yaxşı ilk yardım yaranın olduğu hissədən 10 sm yuxarıdan sarğı qoymaqdır. Daha sonra xəstə ən qısa vaxtda həkimə çatdırılmalıdr. Mütəxəssisin sözlərinə görə, ilan sancan adam iki saat ərzində xəstəxanaya çatdırılsa və zərdab vurulsa, problem olmaz: "İlanın hardan sancmasının da zəhərin necə təsir etməsində rolu var. Əl-ayaq nahiyələri elə də təhlükəli sayılmır. Ən təhlükəli yer boyun, boyundan yuxarı olan sifət və s. hissələrdir. Burdakı damarlar birbaşa beyni qidalandırır deyə, sancmalar nəticəsində zəhərlənmə birbaşa beyinə gedə bilər. Belə hallarda ölüm riski 50 faizdən çoxdur. Həşəratlar sancanda da təcili şəkildə xəstənin yarası yuyulmalı və dezinfeksiya edilməlidir. Onların içində qaraqurd öldürücü zəhərə malik ola bilir. Zəhərlənmə təhlükəsi olmasa da, yaranan infeksiya nəticəsində 3 gün ərzində yaralar əmələ gələ bilər".

A.Cəfərov bildirib ki, qaraqurdun sancmasına qarşı zərdab yoxdur. Onun sözlərinə görə, zəhərin orqanizmə təsir etməsinin bəzi nüansları var. Belə ki, əgər insanın allergik xəstəliyi varsa, əqrəb sancmasından da ölə bilər: "Allergiya zəhərin təsirini 20-30 qat artıra bilir. Ən pis halda sistem qoyulmalı və xəstənin qanı yuyulmalıdır.

Hətta adamlar var ki, allergik xəstəliyi olduğu üçün zəhərsiz ilanlar da sancanda problem yaranır. Orqanizmdə toksik proses baş verdiyi üçün ölümə də səbəb ola bilər. Ona görə cücü belə dişləyəndə həmin yer mütləq yuyulmalıdır. Orqanizmin fərqli reaksiyası ola bilər. Çox vaxt "heç nə olmaz" deyib həkimə aparmırlar. Amma baxırsan ki, allergik reaksiya baş verdi və xəstə boğulub öldü".  

Son xəbərlər

Orphus sistemi