Yuxarı
    Bağlamaq

    Mərkəzi Neftçilər Xəstəxanasının yaradılmasının 60 illiyi qeyd olunub

    Xəstəxananın bir sıra əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının yaradılmasının 60 illiyi qeyd olunub.

    Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev, rəsmi şəxslər, həkimlər iştirak edib.

    O.Şirəliyev xəstəxananın kollektivini təbrik edib və onlara yeni uğurlar arzulayıb.

    Nazir vurğulayıb ki, son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına təkan verib. O.Şirəliyev tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışıb.

    Xəstəxananın direktoru Leyla Seyidbəyova bu tibb ocağının 1956-cı ildə Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası adı ilə yaradıldığını xatırladıb. O bildirib ki, xəstəxana çox keçmədən neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində Azərbaycanın ən böyük tibb mərkəzinə çevrilib: "Bir neçə il sonra burada yeni korpuslar tikilib, klinika keyfiyyətli tibbi xidmətləri təmin etməyə imkan verən bütün lazımi avadanlıqla təchiz edilib".

    Qeyd olunub ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası ən müasir müalicə-diaqnostika avadanlıqları və gündəlik fəaliyyəti üçün lazım olan hər cür dərman preparatları ilə təmin edilib. Xəstəxananın zəngin maddi-texniki bazası və güclü kadr potensialı burada mürəkkəb cərrahi əməliyyatlar aparmağa imkan verir. Xəstəxanada üç tibb elmləri doktoru və 25 tibb elmləri namizədi çalışır.

    Sonda Mərkəzi Neftçilər Xəstəxanasının bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı oxunub.

    O.Şirəliyev təltif olunan şəxslərə medalları təqdim edib. Bundan başqa, xəstəxananın bir sıra əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi