Yuxarı

​Mehriban Əliyeva: "Azərbaycanda insan ölümünün əsas səbəbləri arasında ikinci yeri onkoloji xəstəliklər tutur"

Biz müasir avadanlıqdan istifadə yolu ilə xəstələrimizin müalicəsini təmin etmək istəyirik

Bakı. 14 aprel. REPORT.AZ/ "Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri arasında ikinci yeri onkoloji xəstəliklər tutur".

"Report" xəbər verir ki, bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

Birinci xanım qeyd edib ki, müasir dünyada xərçəng xəstəliyi təkcə səhiyyənin yox, həm də sosial, iqtisadi, ekoloji sahələrin və hətta təhsilin problemidir:

"Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün onun erkən aşkar edilməsi istiqamətində səylər göstərir və müalicəsi üçün müxtəlif vasitələrdən istifadə edirlər. Baxmayaraq, bu problemlə bəşəriyyət uzun illərdir ki, üzləşib, bu günədək xəstəlik və onun müalicəsi haqqında bir çox yanlış fikirlər mövcuddur. Misal üçün, bir çox hallarda xərçəng xəstəliyi sırf tibb problemi kimi təsvir edilir. Digər hallarda, rəylər var ki, xərçəng əsasən yaşlı insanların xəstəliyi sayılır. Hesab olunur ki, insana qoyulan onkoloji diaqnoz – bir növ “ölümə məhkum edilməkdir”.

Müasir dünyada xərçəng xəstəliyi təkcə səhiyyənin yox, həm də sosial, iqtisadi, ekoloji sahələrin və hətta təhsilin problemidir. Bu xəstəlik bütün yaş qrupları, sosial-iqtisadi qruplar arasında, inkişaf etmiş və inkişaf edən ölkələrdə yayılır. Elmi təhlillər onu göstərir ki, düzgün və ümumi profilaktik strategiya qurulan halda xərçəng xəstəliyinin ən çox yayılmış növünün üçdəbir hissəsinin qarşısını almaq mümkündür. Əhali arasında onkoloji xəstəliklərin yaranma səbəblərinin aradan qaldırılması, ilkin diaqnostika, xəstəliyin düzgün profilaktikası və müalicəsi bu sahədə çalışan mütəxəssislərin diqqət mərkəzindədir".

Mehriban Əliyeva bildirib ki, "bununla bağlı işlər bu gün dəfələrlə qeyd olunduğu kimi, dörd əsas istiqamətdə həyata keçirilir - sağlam həyat tərzinin seçilməsi, xəstəliyin erkən aşkar olunması, hər bir xəstənin müasir müalicə üsulları ilə təmin edilməsi və ümumi həyat keyfiyyətinin yüksəldilməsi".

O Azərbaycanda müstəqillik dövründə bu istiqamətdə mühüm addımların atıldığını diqqətə çatdırıb:

"Ölkəmizdə müasir Milli Onkologiya Mərkəzi yaradılıb, regionda ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası açılıb. Biz xəstəliyin erkən diaqnostikası və müalicəsi üçün müasir avadanlıqdan istifadə yolu ilə xəstələrimizin müalicəsini təmin etmək istəyirik.

Respublikamızda onkoloqların nailiyyətləri böyükdür. Lakin onlar bütün dünyada olduğu kimi, bir çox hallarda bu xəstəlikdən əziyyət çəkən insanların əzabını bəzən ancaq yüngülləşdirə bilirlər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri arasında ikinci yeri onkoloji xəstəliklər tutur".

O bildirib ki, yer kürəsində hər il 500 min insan bu xəstəliklə üzləşir. Birinci xanımın sözlərinə görə, çox hallarda diaqnoz xəstəliyin yalnız son mərhələlərində qoyulur və insanların həyatını xilas etmək olmur.

"Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yaxın 20 ildə bu xəstəlikdən əziyyət çəkən insanların sayının 50 faizdən çox artacağı gözlənilir. Məhz buna görə onkoloji xəstəliklər bütün bəşəriyyət üçün ən aktual problemlərdən biri olaraq qalır.

Əminəm, hər birimiz inanmaq istərdik ki, XXI əsrdə elmin inkişafı sayəsində əldə ediləcək yeni imkanlar və texnologiyalar onkoloji xəstəliklərin müalicəsində dönüş yaradacaq və milyonlarla insanın ölümünə səbəb olan bu xəstəliyin müalicəsi üçün səmərəli vasitə tapılacaq.

Bir daha bu ciddi problemə beynəlxalq ictimaiyyətin diqqətini yönəltdiyinə görə Əminə xanıma təşəkkürümü bildirirəm.

Qardaş türk xalqına sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm", - deyə o çıxışını yekunlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi