Yuxarı

Körpələr üçün süni qida məhsullarının satışını artırmaqdan ötrü ailə üzvlərini həvəsləndirənlər cərimələnəcək

Bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının satışını artırmaq üçün ailə üzvlərini həvəsləndirənlər böyük məbləğdə cərimə olunacaq. "Report" xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

Məcəllədə yer alan yeni 213.0.3-cü maddəyə əsasən, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 250 manatdan 300 manatadək, hüquqi şəxslər isə 750 manatdan 1 000 manatadək cərimə ediləcək.

Xatırladaq ki, hazırkı qanunda süni qida məhsullarının satış-sərgisinin və xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə, uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə və səhiyyə sistemi işçilərinin elmi və praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq edilməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək miqdarda, vəzifəli şəxslər 100 manatdan 200 manatadək miqdarda, hüquqi şəxslər 500 manatdan 1 000 manatadək miqdarda cərimə edilir.

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İXM layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi