Həkim-cərrah: “Keçən il intihar məqsədilə özünü yandıran kişilərin sayı çox olub”

Həkim-cərrah: “Keçən il intihar məqsədilə özünü yandıran kişilərin sayı çox olub” “Yanıq şöbəsinə daxil olan xəstələrin 50 faizdən çoxu ağır formalı olub”
Sağlamlıq
2 Mart , 2017 13:10
Həkim-cərrah: “Keçən il intihar məqsədilə özünü yandıran kişilərin sayı çox olub”

Bakı. 2 mart. REPORT.AZ/ “Yanıqları konservativ və cərrahi müalicə üsulu ilə sağaltmaq olur. IV dərəcəli yanıq nəticəsində ağırlaşmalar daha çox müşahidə olunur. Bunlara da kelloid, çapıqlar, kontrakturalar, dəri xərçəngi, eybəcərliklər və digərləri aiddir”.

“Report” xəbər verir ki, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin həkim-cərrahı Ülviyyə Zeynalova mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, intihar məqsədilə özünü yandırmaq halları da qeydə alınır: "Bu hal qadınlar arasında çoxluq təşkil etsə də, keçən il kişilər arasında bu göstərici çox müşahidə olunub. Yanıqlar – termiki, kimyəvi, elektrik, günəş və şüanın təsirindən orqanizmin dəri və toxumalarının zədələnməsidir. Yanıqlar I, II, III və IV dərəcəli olur. Bunlardan ən ağırı IV dərəcəli yanıqlardır. Belə ki, bu yanıqlar nəinki dərini, eləcə də alt qatda yerləşən bütün toxumaları, bəzən də sümükləri əhatə edir. Bu zaman əzələ “bişmiş ət” şəklini alır”.

Şöbənin həkim-cərrahı Həmzə Əzizbəyov isə deyib ki, bədən səthinin sahəsinə görə yanıqlar müxtəlif qruplara bölünür: “Belə ki, 10-20 faiz sahəsi olan yanıqlar məhdud, 20-40 faiz sahəsi olanlar geniş yayılmış, 40-60 faiz sahəsi olanlar həyatla çətin uyuşan, 60 faizdən yuxarı sahəsi olan yanıqlar isə həyatla bir araya sığışmayandır. Klinakaya daxil olan xəstələrin 56,5 faizi 60 faizdən yuxarı yanıqlar, 23,4 faizi 40-60 faiz yanıqlar, 13,9 faizi 20-40 faiz yanıqlar, 6,2 faizi isə 20 faizə qədər yanıqlarla əlaqəli olub. Yanıqlar nəticəsində dəri tamlığının bərpası üçün autodermoplastika (dəri köçürülməsi) əməliyyatı aparılır. Belə ki, dermatomla bədənin mümkün donor nahiyələrindən dəri götürülür, xüsusi perforator deşilirək 1:2, 1:4 və ya 1:6 nisbətində böyüdülür və sağalmayan yanıq yarası olan hissələrə köçürülür. Böyük sahəli dərin yanıqlar zamanı bu əməliyyat mərhələli şəkildə həyata keçirilir. Dərin yanıqlardan sonra yaraların bu və ya digər dərəcədə izinin qalması qaçılmazdır. Sağalmış və ya dəri köçürülmüş dərin yaraların yerində çapıqlar inkişaf edir”.

O qeyd edib ki, yanıqlara ilkin yardım zamanı kənar maddələrin (diş pastası, tomat, sidik, duru yağlar) vurulması düzgün deyil: "İlkin mərhələdə yanıq nayihələrinə soyuq məhlullar tədbiq edilməlidir. Ağrıkəsicidən istifadə etmək olar. Antiseptik məhlullarla həmin nayihələri yüngül formada sarğı etməklə dərhal onu həkimə çatdırmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi