Yuxarı

Keçən il Bakıda böyrək çatışmazlığından əziyyət çəkən 207 xəstə ölüb

2 və 84 yaşlı xəstələr də qeydə alınıb

Bakı. 12 mart. REPORT.AZ/ "2014-cü ildə Azərbaycanda 492 hemodializ xəstəsində letal sonluq qeydə alınıb ki, onlardan 207 nəfəri Bakı şəhərində, 285 nəfəri isə regionlarda olub". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Şöbə müdiri bildirib ki, ölkə üzrə ölüm faizi 20,1% təşkil edib: "Ölüm hallarının analizi göstərir ki, letal sonluğun əsas səbəbini 78,8% halda kəskin ürək qan-damar çatışmalığı təşkil edir. 12,9% halda beyin-qan dövranı pozulması, 1,4% daxili qanaxmalar, 3,9% septiki hallar xəstələrin ölümünə səbəb olur".

Onun sözlərinə görə, xəstələr arasında yaşama müddəti 5 illik fasilə ilə hesablanır: "Azərbaycanda 5 illik yaşama müddəti 51%-dən yuxarıdır. Hazırda ölkədə hemodializ müalicəsinə cəlb olunan xəstələrinin yaş həddi 9-78 yaş arasındadır. Buna baxmayaraq, 2 və 84 yaşlı xəstələr də qeydə alınıb".

F.Babayev onu da qeyd edib ki, 2014-cü ildə respublikanın dializ şöbələrinə 882 yeni xəstə qəbul olunub: "Onlardan 371 nəfəri Bakı, 511 nəfəri regionlarda hemodializə cəlb edilib. Bundan başqa, hazırda hemodializ şöbələrində 135 həkim, 382 orta tibb işçisi çalışır. Xəstələr xroniki böyrək xəstəliyinin ağırlıq dərəcəsinən asılı olaraq həftədə 2-3 dəfə hər dəfə 4 saat olmaqla dializ seansları alırlar. 90,2% xəstə dializ müalicəsinə arterio-venoz fistula yolu ilə, 6,6% xəstə 2 yollu damar (körpücükaltı, yuqulyar) kateri ilə, 3% xəstə permanent kateterlə, 0,2% xəstə isə damar protezi vasitəsilə qoşulur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi