Ötən il Azərbaycanda narkomaniyaya düçar olan şəxslərin sayı açıqlanıb

Ötən il Azərbaycanda narkomaniyaya düçar olan şəxslərin sayı açıqlanıb İstifadəçilər arasında 5 nəfər 15-17 yaş arasında olan şəxslərdir
Sağlamlıq
10 Mart , 2015 17:42
Ötən il Azərbaycanda narkomaniyaya düçar olan şəxslərin sayı açıqlanıb

Bakı. 10 mart. REPORT.AZ/ "2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfər təşkil edir". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, keçən ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir. Mərkəzin direktoru qeyd edib ki, narkotiklərdən asılılıqla təkcə "küçə uşaqları" deyil, həm də ilk baxışdan ideal, müvəffəqiyyətli valideynlərin uşaqları da rastlaşırlar.

O, həmçinin əlavə edib ki, qadınlar kişilərə nisbətən daha az narkomaniya xəstəliyinə düçar olurlar: "Rəsmi statistikaya əsasən Azərbaycanda narkomaniya xəstəliyinə düçar olan qadınların sayı kişilərə nisbətən dəfələrlə az olsa da (2013 - qadınların ümumi sayı 539 nəfər, 2014 - qadınların ümumi sayı 554 nəfər), lakin onların sayı ildən ilə artır və təəssüflə qeyd etmək lazımdır ki, onların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir (2013-cü ildə - 393 nəfər, 2014-cü ildə - 409 nəfər)".

T. Məmmədhəsənov eyni zamanda qadın narkomaniyasının xüsusiyyətlərini də açıqlayıb. O bildirib ki, qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərdən istifadəyə kişilərdə olduğundan 10-15 dəfə daha tez sürətlə qurşanırlar: "Buna görə də qadınlarda belə bir xəstəliyin aşkar edilməsinin hər bir halı ciddi həyəcana səbəb olmalıdır. Burada söhbət təkcə qadının özünün xəstəliyindən deyil, həm də onun uşaqlarının da həyat və sağlamlıqlarına olan təhlükədən gedir. Narkomaniya xəstəsi olan qadınlarda hamiləlik və doğuş zamanı tez-tez kəskinləşmələr yaranır (qanaxmalar, vaxtından əvvəl doğuşlar, ölü uşağın dünyaya gəlməsi), yeni doğulan körpələr arasında erkən ölüm halları da nadir hadisə deyil".

Qadınların narkotiklərə aludə olmasında kişilərin rolununun ayrıca qeyd etmək lazım olduğunu deyən nazirlik rəsmisi deyib ki, nisbətən daha az səviyyədə müstəqil olan qadınlar adətən öz "narkomaniya təcrübələrinin" əvvəlində ilk narkotiklərini kişilərdən alırlar: "Qadınlarda narkotik asılılığının yaranmasına təkan verən premorbid amillər arasında dost və tanışlar arasında narkomanların olması, narkomanlarla ünsiyyət, narkotiklərin əlçatan olması, erkən siqaret çəkmə və alkoqol istifadəsinin sınaqdan çıxarılması, antisosial davranış, təhlükəyə meyllilik, cinsi həyata erkən başlama, rabitəsiz cinsi əlaqələrə meyllilik, düşmənçilik, impulsivlik, zəiflik, özünüqiymətləndirmənin aşağı olması fərqləndirilir. Belə problemləri olan qadınlar müvafiq “təhlükə qrupuna” daxildirlər, lakin ehtimalın reallığa çevrilməsi üçün digər amillərin də mövcud olması lazımdır. Qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq nisbətən daha tez formalaşır. Narkotiklərə istifadə başladıqdan sonra asılılığın formalaşmasının ortalama müddəti 2 aydır".

Son xəbərlər

Orphus sistemi