Yuxarı
    Bağlamaq

    Milli Məclisdə “Autizm xəstələrinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirilib

    “Autizm xəstəliyi olan şəxslərin sosial müdafiəsi bu gün də gündəmdədir”

    Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisində Sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Autizm xəstələrinin sosial müdafiəsi” mövzusunda dinləmələr keçirilib. “Report”un xəbərinə görə, komitənin sədri Hadi Rəcəbli bildirib ki, hazırda bu mövzu gündəmdə olan ən aktual məsələlərdən biridir.

    Onun sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətin sosial sifarişinin hüquqi bazasının formalaşdırılmasıdır: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da mənbəyi məlum olmayan xəstəliklər mövcuddur. Autizm xəstəliyi olan şəxslərin sosial müdafiəsi bu gün də gündəmdədir. Azərbaycanda bununla bağlı bir çox layihələr həyata keçirilib”.

    Autizm xəstəliyi barədə məlumat verən H.Rəcəbli deyib ki, bu xəstəlik erkən yaş dövründə başlayan və həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixatrik pozuntudur. Bu xəstəlik daha çox oğlan uşaqlarında qeydə alınır”.

    O, həmçinin qeyd edib ki, dünyada təxminən 70 milyona yaxın insan məhz bu xəstəlikdən əziyyət çəkir: “Azərbaycanda isə 3500 nəfər autizm xəstəsi var. Bu rəqəmlər nəinki dünyada, həm də Azərbaycanda dəqiq deyil. Bu mövzu ilə bağlı Türkiyənin təcrübəsi hər zaman maraqlıdır. Ona görə də daha çox həmin ölkənin təcrübəsi ilə maraqlanırıq. Çünki dil və mənəvi dəyərlərin oxşarlığı baxımından bu təcrübədən faydalanmaq bizim üçün daha faydalıdır”.

    Daha sonra çıxış edən Türkiyənin Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay bu sahədə gördükləri işlər haqqında tədbir iştirakçılarına məlumat verib. O vurğulayıb ki, bəzən bir çox valideyn bu xəstəlikdən əziyyət çəkən övladlarını etibar edəcək mərkəz tapa bilmirlər: “Çünki valideynlərin də istirahət etmək hüququ var. Ona görə də əsas məsələ uşaqları ilə yanaşı, valideynlərə də dəstək verməkdir. Bununla bağlı Türkiyədə bir çox layihələr reallaşdırılır. İnanıram ki, bugünkü tədbir Azərbaycanda autizm xəstəliklərindən əziyyət çəkən insanlar üçün az da olsa işıq olacaq”.

    Azərbaycanın baş psixiatrı, ATU-nun psixiatriya kafedrasının müdiri Gəray Gərayzadə isə deyib ki, bu gün ölkədə sağlamlıq məsələlərinə diqqət günü-gündən artır: “Autizm ən çox uşaq psixiatriyasına aid olan bir məsələdir. 8-10 il bundan əvvəl Azərbaycanda nadir hallarda autizm diaqnozu qoyulurdu. Bu həm sosial məsələlər, həm də diaqnostika ilə bağlı idi. Hazırda ölkədə bu xəstəliklə məşğul olan ictimai qurumlar çox aktiv fəaliyyət göstərir. Autizm digər psixi problemlərdən bir qədər fərqli olaraq, sırf tibbi məsələ deyil. Burada həkimlərin və uşaq psixiatrlarının rolu kifayət deyil. Autizm hər hansı bir dərman vasitəsi ilə həll olunan xəstəlik deyil. Ona görə də məqsədimiz bu cür ailələrə daha çox reablitasiya, psixiloji, pedoqoji köməklik göstərməkdir”.

    G.Gərayzadə eyni zamanda bu sahədə mövcud olan kadr probleminə də toxunub. O, əlavə edib ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da psixiatrların sayı elə də çox deyil: “Yalnız son illər rezidentura yolu ilə təhsil alan tələbələr bu sahəyə maraq edirlər. Lakin bizə daha çox reablitoloq, loqopevtlər, sosial işçilər və pedoqoqlar lazımdır. Cəmiyyətimizi xəstəlik barədə maarifləndirmə tədbirləri daha çox aparılmalıdır”.

    Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi