Yuxarı

ÜST: Hepatit virusundan hər il 1,4 milyon insan dünyasını dəyişir

Bu virusun qarşısını almaq üçün bütün səyləri gücləndirmək lazımdır

Bakı. 24 iyul. REPORT.AZ/ Xalq arasında sarılıq xəstəliyi kimi tanınan Hepatitdən hər il 1,4 milyon insan dünyasını dəyişir. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 28 iyul  - "Hepatit günü" öncəsi yaydığı açıqlamada bildirilir.

Açıqlamada dünya ictimaiyyətinə müraciət edilib ki, bu virusun qarşısını almaq üçün bütün səyləri gücləndirmək lazımdır.

Məlumata əsasən, beş növ Hepatit virusu arasında ən çox yayılanı Hepatit B və C qaraciyər xərçəngi ölümlərinin təxminən 80 faizinə səbəb olur. Dəqiq bilinməyən yollarla hər il təxminən 2 milyon insan Hepatit virusuna yoluxur. Bunun qarşısını almaq üçün əsas üsullardan biri birdəfəlik istifadə olunan şprislərdir. Qan və digər vasitələrlə yoluxan Hepatit B qaraciyərə təsir edir və xroniki xəstəliklərə səbəb olur.

ÜST bildirir ki, dünyada təxminən 240 milyon insan Hepatit B virusunun daşıyıcısıdır. Qaraciyər sirrozu və qaraciyər xərçənginə səbəb olan Hepatit B hər il 780 min insanın ölümünə səbəb olur.

Qurumun yaydığı açıqlamada Hepatit B-yə qarşı bütün uşaqların peyvənd olunmasının vacibliyi və xəstəlikdən üç dozalı vaksinlə qorunmağın mümkün olduğu vurğulanıb. Həmçinin peyvənd uşaqlara doğumdan sonra 24 saat ərzində vurulmalıdır.

Hepatit B virusunun ən geniş yayıldığı ərazi Afrika və Şərqi Asiyadır.

Bundan başqa, dünyada təxminən 150 milyon insan qan yolu ilə keçən Hepatit C virusunun daşıyıcısıdır. Eyni zamanda, narkotik maddə istifadə edənlər arasında bir iynədən çox istifadə və sterilizə olunmayan tibbi avadanlıqların təkrar istifadəsi virusun ən geniş yayılmış yoluxma tərzidir. Hər il təxminən 500 min insanın ölümünə səbəb olan Hepatit C virusunun hələ də peyvəndi yoxdur.

Hepatit virusunun növlərindən olan A və E xəstənin ifrazatı ilə çirklənən su və qida maddələrinin yeyilməsi ilə bulaşır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi