Yuxarı
    Bağlamaq

    Azərbaycanda hepatit B və C virusuna yoluxma ehtimalı olan 2000-dən çox insan pulsuz dərman üçün müraciət edib

    Komissiyaya müraciət edənlərin əksəriyyətini kişilər təşkil edir

    Bakı. 26 may. REPORT.AZ/ "Azərbaycanda hepatit virusundan əziyyət çəkən xəstələrə pulsuz dərmanların paylanması prosesi davam edir. Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Səhiyyə Nazirliyində yaradılan Komissiya keçən ilin iyun ayından başlayaraq fəaliyyət göstərir. Bu günə qədər təxminən 2 000-dən çox insan komissiyaya müraciət edib. Onların müayinələrinin nəticələri araşdırılır, lazım olan əlavə müayinələr aparılır". Bunu "Report"a açıqlamasında Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Səhiyyə Nazirliyində yaradılan Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.

    Onun sözlərinə görə, hər həftə Komissiya toplanır və sənədlərə baxılır: "Lazım olanda xəstələrlə görüşürük. Müvafiq siyahı üzrə sənədlər təqdim edilir, 2 həftə ərzində sənədlərə baxılaraq müvafiq qərar çıxarılır. Qərar çıxarılandan sonra xəstələr dərmanları həkimin göstərişi ilə pulsuz şəkildə alırlar. Artıq müraciət edən xəstələrin 35-40%-nə müalicə yazılıb. Qeyd edim ki, I mərhələdə hepatit C xəstələri üçün 500, hepatit B xəstələri üçün 100 ədəd dərman preparatı ölkəyə gətirilmişdi. Hələlik dərmanlarımız kifayət qədərdir. Mərhələli şəkildə dərmanların gətirilməsi prosesi davam edir. Müalicə olunan xəstələrin hamısı artıq dərmanlarını pulsuz şəkildə əldə ediblər. Hazırda heç bir dərman çatışmazlığı yoxdur".

    Həqiqət Qədirova, həmçinin qeyd edib ki, Komissiyaya müraciət edənlərin əksəriyyətini kişilər təşkil edir: "Çünki infeksiyaların keçmə hallarında kişilər daha tez bu xəstəliyə yoluxurlar. Bundan başqa, müraciət edənlərin arasında azyaşlılar da var və onlara da müalicə təyin olunur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi