Həkim-dietoloqdan xəbərdarlıq: "Oruc tutanlar Ramazandan sonra yeməyinə diqqət yetirməlidir"

Həkim-dietoloqdan xəbərdarlıq: "Oruc tutanlar Ramazandan sonra yeməyinə diqqət yetirməlidir" Leyla Zülfüqarova: "Tələsmədən və qidaları qarışdırmadan yemək vacibdir"
Sağlamlıq
17 İyul , 2015 16:22
Həkim-dietoloqdan xəbərdarlıq: Oruc tutanlar Ramazandan sonra yeməyinə diqqət yetirməlidir

Bakı. 17 iyul. REPORT.AZ/ "Ramazan ayında oruc tutan şəxslər bayramın ilk günlərindən etibarən qidalanma rejiminə həssas yanaşmalıdırlar". Bunu "Report"a həkim-dietoloq Leyla Zülfüqarova deyib.

O bildirib ki, bədənin bu yeni nizamına sürətli bir şəkildə adaptasiya olması üçün bəzi incəliklərə diqqət etmək lazımdır: "Bir ay ərzində metobolizma-həzm sürəti ləngiyən orqanizimi birdən-birə yükləmək ən böyük səhv olardı. Bu baxımdan da yeni qida rejiminə yavaş-yavaş keçmək lazımdır. Ümumiyyətlə Ramazan ayının hikməti insanı sağlam yaşamağa, sağlam qidalanmağa çağırır. Yəni insan nə yediyini və necə yediyini bilməlidir".

Həkim deyib ki, tələsmədən və qidaları qarışdırmadan yemək vacibdir. Dietoloqun sözlərinə görə, əgər insan bir ay ərzində müəyyən qida rejiminə öyrəşibsə, bu rejimi müəyyən müddət saxlamaq lazımdır: "Birdən-birə fərqli qidalar, xüsusi ilə şirniyyat yemək olmaz".

L. Zülfüqarova qeyd edib ki, xüsusilə şirniyyat və un məmulatlarını birdən-birə yemək olmaz: "İlkin olaraq daha çox südlü, ətli, göyərtili qidalara üstünlük verilməlidir. Sonra isə digər qidalara orqanizmi öyrəşdirmək lazımdır. Əgər insanın orqanizminin şirniyyata ehtiyacı varsa, bunu günün birinci yarısında yemək məsləhətdir. Ayrıca bol-bol su içmək lazımdır".

O deyib ki, qidalanma rejiminin birdən dəyişdirilməsi bəzi sağlamlıq problemlərinə yol aça bilər: "Qidalanma rejiminin pozulması şəkərli diabet, hipertoniya, ürək, qan-damar sistemi xəstəlikləri, mədə-bağırsaq problemi, həzm aparatının pozulması kimi xəstəliklərə səbəb ola bilər. Ümumiyyətlə, insan qida rejimini birdən-birə dəyişdikdə belə xəstəliklərə rast gəlinir".

Dietoloq bildirib ki, əsasən də risk qrupuna daxil olan insanlar bayramlardan sonra qidalanmalarına və sağlamlıqlarına diqqət yetirməlidirlər. 

Son xəbərlər

Orphus sistemi