Yuxarı

Günəşdən qorunmaqla bağlı insanların yanlış bildiyi məlumatlar - SİYAHI

Günəşdən qoruyucu məhsulları evdən çıxmazdan yarım saat əvvəl sürtmək lazımdır

Bakı. 7 avqust. REPORT.AZ/ Yay fəslində günəşdən qorunmaqla bağlı insanların səhv bildiyi məlumatlar var. Bu mövzuda "Report"a Azərbaycan Tibb Universitetinin (ATU) dəri zöhrəvi kafedrasının assistenti Araz Kazımov danışıb:

" "Günəşdən qoruyucu kremləri ancaq çölə çıxanda sürtə bilərəm" ifadəsi yanlışdır. Günəşdən qoruyucu məhsulları çöldə deyil, günəşə çıxmadan təxminən 30 dəqiqə əvvəl evdə sürtmək lazımdır. Çünki günəşdən qoruyucu məhsullar ancaq bu müddətdə dəridən sorularaq effektli olur. Kremləri dəriyə elə çəkmək lazımdır ki, bütün dərini əhatə etsin.

Bundan başqa, kremi gün ərzində yalnız bir dəfə çəkmək də düzgün fikir deyil. Əksinə, kremi bir dəfə çəkmək gün boyu effektli olmaz. Bu səbəbdən yayda kremi dəriyə hər iki saatdan bir sürtmək məsləhətdir. Dənizə və ya hovuza gedəndə isə bunu daha tez-tez etmək lazımdır.

Bundan başqa, günəş şüasının tərkibində ultrabənövşəyi şüaların pik, yəni aktivlik dövründə günəşin altında olmaq məsləhət görülmür. Yəni, saat 11.00-dan axşam 17.00-a qədər günün altında durmaq və ya uzanmaq olmaz.

Daha yüksək dərəcəli kremlər istifadə etmək məsləhətlidir. Ona görə də SPF-nin dərəcəsinə xüsusi diqqət etmək lazımdır. İnsanlar adətən gün qoruyucu kremlər alarkən tərkibinə elə də ciddi fikir vermirlər. Sadəcə, SPF sözünü görüb kifayətlənirlər. Ola bilər ki, nəmləndirici kremin tərkibində SPF olsun. Təbii ki, o krem gündən qorunmaq üçün köməkçi vasitə deyil. Ona görə də üzərində "gündən qoruyucu" kəlmələri yazılmış kremlərdən istifadə etmək lazımdır.

Azərbaycan ərazisində SPF dərəcəsi 50-dən çox olan kremlər daha yaxşı hesab edilir. Ən azı, SPF 30 olmalıdır. Dərisi ağappaq olan insanlar isə günün altında çox qalmamalıdır. Günün altında isə SPF 50-nin üzərində olan kremlərdən istifadə etsinlər. Yeri gəlmişkən, ağ insanın dərisi qaralmayacaq, əksinə yanacaq.

Bir faktı da qeyd edim ki, hər 2 saatda bir çəkilən 30 dərəcəli krem yalnız bir dəfə sürtülən 100 dərəcəli SPF-dən daha təsirlidir.

İnsanlara Rusiya istehsalı kremləri məsləhət görmürəm. Düzdür, həmin kremlər ucuzdur, lakin keyfiyyətli deyil. Ona görə də ya Almaniya, ya da Fransa istehsalı kremlər almaq yaxşı olardı.

"Krem çəkmişəm və bütün günümü günəş altında keçirirəm" deyənlər də çox yanılırlar. Çünki kremlər insanları günəşin zərərli təsirindən 100 faiz qorumur. Ona görə də şlyapa, günəş eynəyi və qoruyucu paltarlardan istifadə etməklə yanaşı, günəş şüalarının intensiv olduğu saatlarda günün altında durmaqdan çəkinmək lazımdır.

Krem seçərkən dərinin növünə xüsusi fikir verilməlidir.

Həmçinin günəş kremləri alarkən üzərindəki son istifadə tarixlərinə xüsusi diqqət yetirilməlidir. Çünki vaxtı keçən məhsulların tərkibi, müddəti bitdikdən sonra öz effektini itirmiş olur.

Bundan başqa, kremlərdən istifadə etmək məsələsində yaş məhdudiyyəti də var. 6 aydan kiçik körpələr üçün kremdən istifadə etmək məsləhət görülmür. Çünki onların dərisində günəş şüasının təsirindən D vitamini əmələ gəlir. Kremdən istifadə etmək D vitamininin əmələ gəlməsinin qarşısını alır. Bu səbəbdən də onlara ehtiyac yoxdur. Ancaq yaşı 3-dən yuxarı olan uşaqlar üçün günəş kremləri çəkmək olar.

Eyni zamanda, kölgədə oturmaq günəşdən qorunmaq demək deyil. Çətir altında və ya kölgədə olmaq  insanı ultrabənövşəyi şüalardan tamamilə qorumur. Bu zaman sadəcə, günəş şüaları qırılaraq insana yönəlir. Bu səbəbdən, kölgədə belə günəşdən qoruyucu məhsullardan istifadəyə laqeyd yanaşmaq olmaz.

Dermatoloqların işlətdiyi məşhur söz var ki, günəş dərinin dostu deyil. Ona görə də bəzi insanların səsləndirdiyi "zaqar" ifadəsi deyilən bir şey yoxdur. "Zaqar" dedikləri sadəcə günəş vasitəsilə dərinin yandırılmasıdır. Yanıq da necə faydalı bir şey ola bilər? Dərinin bu yanıqdan sonra soyulması heç də yaxşı deyil.

Dərinin soyulması üçün klinika şəraitində pilinq edilir. Bu, faydalıdır. Çünki dəri yenilənir və cavanlaşır. Günəş yandıranda isə dəri məcburiyyət qarşısında soyulur ki, bu da əlbəttə ki, ziyandır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi