Səhiyyə Nazirliyi Kollegiyası üzvünün saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

Səhiyyə Nazirliyi Kollegiyası üzvünün saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirilib "Mərkəzin direktoru və əməkdaşları istintaqa informasiya təqdim edib"
Sağlamlıq
4 İyun , 2015 09:51
Səhiyyə Nazirliyi Kollegiyası üzvünün saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

Bakı. 4 iyun. REPORT.AZ/ "Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktoru Akif Əlibəyovun saxlanılması barədə bəzi saytlarda yer alan məlumatlar həqiqəti əks etdirmir". Bunu "Report"a açıqlamasında RGEM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Qədirli deyib.

Lakin RGEM-in direktoru A.Əlibəyov və Mərkəzin daha bir neçə əməkdaşı Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı istintaqa informasiya təqdim ediblər. A.Qədirli bunun qeyri-adi hal olmadığını qeyd edib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Xatırladaq ki, A.Əlibəyov həm də Səhiyyə Nazirliyinin Kolegiyasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi