Yuxarı
    Bağlamaq

    ​Gigiyena və Epidemiologiya Mərkəzi: Bu il çörəklə bağlı şikayət daxil olmayıb

    Kartof xəstəliyinə tutulmuş çörək elə hala düşür ki, onu yemək mümkün olmur

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu ilin yay ayları ərzində vətəndaşlardan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə çörəklə bağlı heç bir şikayət daxil olmayıb. Bunu "Report"a Mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə, Mərkəz çörəklə bağlı yoxlamaları vətəndaşların müraciətləri əsasında həyata keçirir.

    İ.Abdullayev çörəkdə daha çox isti və nəm keçən yay aylarında yaranan və məhsula yapışqanlıq verən "kartof xəstəliyi"nin əmələgəlmə səbəblərindən də danışıb: "Çörəkdə bu xəstəliyin yaranması unun vəziyyəti və saxlanma rejimi ilə bağlıdır. Əgər buğda "kartof xəstəliyi"nin törədicilərilə çirklənibsə, üyüdülmə prosesi zamanı unun tərkibində qalır və isti, nəm mühitdə saxlandıqda adı keçən xəstəliyə çevrilə bilir. Çörəkdə bu xəstəliyin olması məhsulun yapışqan olmasına, xoşagəlməz iy verməsinə səbəb olur".

    İ.Abdullayev bildirib ki, problemin yaranmasının qarşısının alınması üçün bir sıra üsullar mövcuddur: "Mağazalarda "kartof xəstəliyi"nə tutulmuş çörək aşkarlandıqda mütləq məhv olunmalıdır. İstehsalat şəraitində bu cür çörəklər saat hesabı ilə istehsalatdan çıxarıldıqdan sonra satılıb qurtarılmalıdır. Ümumiyyətlə, çörək istehsal olunduqdan 6-8 saat sonra heç bir əlamət özünü göstərmir. Bu vaxt ərzində özünü göstərməsi unun daha çox çirklənməsindən xəbər verir. 14 və ya 24 saat ərzində bu xəstəlik özünü göstərə bilər. Sutka ərzində baş vermiş olursa, belə un şərti yararlı hesab edilə bilər. Amma bu cür undan hazırlanan çörək dərhal satışa verilməlidir".

    Şöbə müdiri vurğulayıb ki, xəstəliyə tutulmuş çörəyin ciddi təhlükə yaratmamasına baxmayaraq, bu cür çörəkdən insanlar qidalana bilməz: "Hətta heyvana da yem kimi vermək olmaz. "Kartof xəstəliyi"nə tutulmuş çörək elə hala düşür ki, onu yemək mümkün olmur". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi