Geniş yayılan xəstəliklər, müasir avadanlıqlar, yeni həkimlər - REPORTAJ

Geniş yayılan xəstəliklər, müasir avadanlıqlar, yeni həkimlər - REPORTAJ Bakı. 3 dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə ictimaiyyəti tanış etmək məqsədi İlə mediaturları davam edir.
Sağlamlıq
3 Dekabr , 2018 10:43
Geniş yayılan xəstəliklər, müasir avadanlıqlar, yeni həkimlər - REPORTAJ
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə ictimaiyyəti tanış etmək məqsədi İlə mediaturları davam edir.

“Report” xəbər verir ki, jurnalistlərin bu dəfə baş çəkdiyi səhiyyə ocağı Şəki Rayon Mərkəzi Xəstəxanası olub.

Baş həkim Elçin Əmirov bildirib ki, bu tibb müəssisəsi 6 korpusdan ibarətdir: “Xəstəxanada Təcili tibbi yardım, Reanimasiya, iki cərrahiyyə, Onkoloji xəstəliklər, Göz xəstəlikləri, Diaqnostika, Laboratoriya, Dializ və Poliklinika şöbələri fəaliyyət göstərir. Xəstəxana tibb elminin ən son nailiyyətləri əsasında hazırlanan, dünyanın aparıcı ölkələrinin istehsalı olan və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompüter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Xəstəxananın 100 çarpayılıq cərrahiyyə korpusu var. Rayonun mərkəzində 320 çarpayılıq terapevtik korpusu da fəaliyyət göstərir. Hazırda Şəkinin tibb müəssisələrində ümumi olaraq 620 çarpayı yeri var”.

O qeyd edib ki, hazırda rayonda 65 tibb müəssisəsi fəaliyyət göstərir: “Rayonun tibb ocaqlarında 238 həkim və 1 100 nəfər orta tibb işçisi çalışır. Son dövrlərdə xəstəxanaya 6 yeni həkim cəlb edilib. Bu gün gənc kadrların rayon xəstəxanalarında çalışması üçün bütün lazımi şərait yaradılıb. Şəkinin 185 min əhalisi var. Bu il ərzində rayonun tibb müəssisələrində 600 min nəfər ambulator tibbi xidmətə, 8 min nəfər isə stasionar müalicəyə cəlb olunub”.

Xəstəxananın İlkin təxirə salınmaz yardım şöbəsi gün ərzində 10-15 ağır xəstə qəbul edə bilir. Regionda ağır qəzalar zamanı xəstələr Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilir. Ümumi reanimasiya şöbəsində eyni vaxtda 12 -24 nəfərə qədər xəstəyə tibbi xidmət göstərilə bilir.

Xəstəxanada hemodializ şöbəsi də var. Burada Şəki, Oğuz və Qax rayonlarından müraciət edən xəstələr müalicə alır. Hazırda şöbədə ümumilikdə regionlardan gələn 60 xəstə müalicə alır. Xəstələrdən ən yaşlısının 70-dən yuxarı, ən gəncinin isə 23 yaşı var.

Şəki və ətraf rayonlarda onkoloji xəstəliklərin təyin edilməsi üçün yeganə laboratoriya da məhz Şəki Rayon Mərkəzi Xəstəxanasında yerləşir.

Patositomarfologiya Laboratoriyanın yaradılmasının təşəbbüskarı olan həkim patomorfoloq İntiqam Əmrahov deyir ki, xəstəxanda onkoloji xəstəliklərin hüceyrə və toxuma səviyyəsində yoxlanılması üçün hər cür şərait var: “Bu gün hüceyrə (sitoloji) və toxunma (histaloji) səviyyəsində müxtəlif onkoloji xəstəliklərin diaqnozunun qoyulduğu yeganə laboratoriya Şəki Rayon Mərkəzi Xəstəxanasındadır. Əməliyyat zamanı orqanlarda istər onkoloji, istərsə də qeyri-onkoloji xəstəliklərin dəqiq diaqnozu bu laboratoriyada aparılır. Son bir neçə ildə regionda süd vəzi xərçəngi geniş yayılıb. Kişilərdə prostat və bağırsaq xərçənginə, qadınlarda ginekoloji problemlərə daha çox rast gəlinir. Hətta müraciət edən 10 qadından 8-də xərçəng xəstəliyi aşkar edirik. Azyaşlı uşaqlarda isə əksər hallarda xoşxassəli hemogemalara rast gəlinir”.

Həmçinin qeyd olunub ki, regionda vərəm xəstəliyi ilə bağlı müraciələr də kifayət qədər çoxdur. Xüsusilə Qax və Oğuz rayon sakinləri üstünlük təşkil edir. Bu da regionun rütubətli olması ilə əlaqələlidir.

Xəstəxananın 2 həkim radioloqundan biri olan Aysel Əzimova deyir ki, əhali arasında ən çox rast gəlinən xəstəliklərdən biri osteoxondrozdur. Rayon əhalisinin böyük hissəsi xalq təsərrüfatı sahəsində çalışdığı üçün ən çox rast gəlinən xəstəliklərdən biri osteoxondrozdur.

Şəki endemik zona olduğundan əhali arasında zob xəstəliyinə də çox rast gəlinir. Hazırda rayonda 3343 nəfər şəkərli diabet xəstəsi var. Onlar dövlət tərəfindən zəruri dərmanlarla təmin olunurlar.

Səhiyyə ocağının oftalmoloqu Gülnarə Məmmədova isə deyir ki, son zamanlar qloukoma (qara su) xəstəliyinə tez-tez rast gəlinir: “Azyaşlı uşaqlarda daha çox refraksiya anomaliyaları, yaşlı və şəkər xəstələrində göz dibində dəyişiklik müşahidə edilir. Yaş qrupuna görə daha çox qocalarda qlaukoma, mirvari suyu artıb. Xəstəxanada gün ərzində 100 nəfərdən çox pasiyent qəbul edirik. Ən son tibbi avadanlıqlar sayəsində gözün müxtəlif xəstəliklərinin cərrahi əməliyyatlarla aradan qaldırılması da mümkündür”.

Şəki Regional Perinental Mərkəzinin direktoru Ruziyyə Hüseynova vurğulayıb ki, rayonda son illərdə ana ölümü qeydə alınmayıb: “Mərkəz 7 rayona xidmət göstərir. Mərkəzdə 22 həftəni keçmiş hər hansı patologiyası olan hamilələr, çəkisi 500 qr-dan çox olan və həyat əlamətləri olan yenidoğulmuşlar qəbul edilir. Ən çox müraciətlər hamiləlik nevropotiyası ilə bağlı olur.

Mərkəzin Yenidoğulmuşlar şöbəsinə son 3 ay ərzində cəmi 488 körpə daxil olub, onlardan 9-u əkiz olub. 55 yenidoğulmuş isə reanimasiya şöbəsində saxlanılır”.

Şəki Regional Perinental Mərkəzində qəbul şöbəsi filter şəkilli qurulub ki, buna çox az-az yerlərdə rast gəlmək mümkündür. Belə ki, həkim göndərişi ilə mərkəzə müraciət edən hamilələr Qəbul şöbəsinə daxil olduqdan sonra ana bətnində dölün ürəyinin kardioqraması çıxarılır, xarici və daxili müayinələr aparıldıqdan sonra isə doğum şöbəsinə yola salınır.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov qeyd edib ki, növbəti mediaturun Quba rayonuna olması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi