Yuxarı

Fransanın "Opere Singulari" şirkəti Azərbaycanda klinika açmaq istəyir

Fransalı tibb mütəxəssisi Azərbaycan Tibb Universitetində olub

Bakı. 14 iyul. REPORT.AZ/ Fransanın "Opere Singulari" şirkətinin prezidenti Rime Barbara Sarrah Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında olub. ATU-dan "Report"a verilən xəbərə görə, qonaq ilk olaraq universitetin Tədris Cərrahiyyə Klinikası ilə tanış olub.

Klinikanın treninq mərkəzi, simulyasiya və əməliyyat otaqlarını gəzən Rime Barbara Sarrah Azərbaycanda klinika açmaq istəyində olduqlarını bildirib.

Görüş zamanı fransalı tibb mütəxəssisinə ATU haqqında geniş məlumat verilib. Qeyd edilib ki, hazırda bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır.

Tədris Cərrahiyyə Klinikanın baş həkimi Asiman Həsənov fransalı tibb mütəxəssisinin ATU-ya gəlişindən şad olduqlarını bildirərək qarşılıqlı əməkdaşlığın faydalı olacağını qeyd edib.

R.B.Sarrah isə Azərbaycanla Fransa arasında bir çox istiqamətdə sıx əlaqələrin olduğunu deyib. Onun fikrincə, bəzi sahələrdə əməkdaşlıqda boşluq var, bura xüsusən də tibb və cərrahiyyə sahəsi aiddir: "Düşünürük ki, bu sahələr üzrə ölkənizlə əməkdaşlıq edə bilərik".

Daha sonra R.B.Sarrah ATU-nun Tədris Cərrahiyyə Klinikasının əməkdaşları, o cümlədən şöbə müdirləri və rezidentlərin iştirakı ilə keçirilən konfransa qatılıb və rəhbərlik etdiyi şirkət haqqında mühazirə ilə çıxış edib.

R.B.Sarrah Azərbaycana coğrafi və siyasi baxımdan inandıqlarını, bura gəlməzdən öncə araşdırmalar apardıqlarını, ölkə klinikalarının olduqca yaxşı vəziyyətdə, dünya standartlarına uyğun olduğunu öyrəndiklərini bildirib.  

Qonaq, həmçinin ATU-ya xüsusi təkliflərlə gəldiyini də vurğulayıb: "Bizim Fransada olan tibbi avadanlıqların bura gətirilməsi, bizim mütəxəssislərin isə Bakıda mühazirələr aparılması, buradakı mütəxəssis və rezidentlərin Fransaya göndərilməsi kimi planlarımız var".

Sonda R.B.Sarrah konfransın iştirakçılarının suallarını cavablandırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi