Yuxarı

Fizioterapevt: “Bel ağrıyanda dərhal masaja getmək olmaz” - MÜSAHİBƏ

“Xalq arasında “sümük yumşalması” – osteoporoz deyilən xəstəliyə də çox rast gəlinir”

Bakı. 30 mart. REPORT.AZ/ Son illər əhali arasında bel ağrılarından şikayətlərin sayı çoxalır. Ən sağlam orqanizmə malik insan belə ömründə heç olmasa bir dəfə bel nahiyəsində ağrı hiss edir. Son dövrlərdə isə bu problem nəinki Azərbaycanda, ümumiyyətlə bütün dünyada çox aktualdır. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının fizioterapiya və reabilitasiya şöbəsinin həkimi, tibb elmləri namizədi Nurlana Əliyeva deyir ki, bel ağrısı müxtəlif mənşəli ola bilər. Bəzən böyrəklərdə, əzələ sistemində olan problemlərdə beldə ağrılara səbəb olur. Lakin bu ağrıların əksər hissəsi əsasən onurğa sütununda olan dəyişikliklərlə bağlıdır.

"Report" ATU-nun mətbuat xidmətinə istinadən N.Əliyevanın müsahibəsini təqdim edir: 

- Hansı hallarda bel ağrısı ilə bağlı həkimə müraciət etmək lazımdır?

- Əgər ev şəraitində aparılan yüngül müalicə, ilkin tədbirlər nəticə vermirsə və ağrılar iki sutkadan çox davam edirsə, artıq həkimə müraciət etmək lazımdır. Bu məsələdə mühüm olanı - xəstələrə düzgün diaqnozun qoyulmasıdır. Çünki bəzən xəstələr ara həkimlərinə müraciət edirlər və ya digər üsullardan istifadə edirlər: ağrıkəsicilər, isidici plastırlar, banka qoyulması, quluncun qırılması kimi metodlardan istifadə edirlər. Bəzən olur ki, bu, xəstəliyin daha da ağırlaşmasına gətirib çıxarır.

Əgər bel ağrıları birdən-birə başlayırsa, ağrılar o qədər də şiddətli deyilsə və bundan başqa orqanizmdə heç bir problem yoxdursa, şiddətli ağrı deyilsə və ilk dəfə yaranırsa, onda yataq rejimini gözləmək, bir sutka ərzində müəyyən ağrıkəsicilərdən istifadə etmək olar. Amma ağrı proqressivləşirsə, ağrı ilə yanaşı digər problemlər çıxırsa – ayaq keyiyirsə, sidikdə problemlər yaranırsa, temperatur qalxırsa, onda mütləq həkimə getmək lazımdır.

- Əgər bel ağrıları yalnız yorğunluğa görə yaranıbsa, bu halda qulunc qırmaq kimi metodlardan, masajdan istifadə etmək olarmı?

- Bəzən elə olur ki, daim ayaq üstündə olan və ya daimi oturaq həyat tərzi keçirən şəxslərdə, həmçinin əzələ dartınması olanların da beli ağrıya bilər. İstənilən halda çox yaxşı olardı ki, həkim müayinəsindən keçəndən sonra masaj təyin olunsun. Yoxsa, ayrı fəsadlar yarada bilər. Yırtıq və protruziya zamanı ağrıyan nahiyəyə istiliyin verilməsi, banka qoyulması xəstələrin durumunu daha da çətinləşdirir. Bu hallarda əksinə, həmin hissə soyudulmalıdır. Bel ağrıyanda dərhal masaja gemək olmaz.

- Onurğa problemləri zamanı hansı hallarda əməliyyatın aparılması mütləqdir?

- Adətən xəstələr arasında belə bir narahatlıq olur ki, bel ağrıyırsa, demək mütləq əməliyyat olunmalıdır. Halbuki, heç də bütün xəstələrdə əməliyyata göstəriş olmur. Biz müxtəlif testlər, müayinələrin köməyilə xəstənin hansı müalicəyə ehtiyacı olduğunu müəyyənləşdiririk. Əgər xəstə bizim xəstədirsə, fizioterapiyaya ehtiyacı varsa, özümüz müalicə edirik. Lazım gələndə, neyrocərraha göndəririk, əməliyyatı məsləhət görürük. Biz özümüz xəstəyə ağrıkəsici və soyuq verməklə bel nahiyəsində ödəmin - şişin götürülməsini təmin edirik. Sonra da uyğun terapiya seçilir. Lakin onurğada böyük ölçüdə, sinir köklərini sıxan, xəstənin gəzməsinə problem yaradan yırtıq varsa, hökmən neyrocərraha müraciət olunmalıdır.

- Yırtıqlardan söz düşmüşkən, niyə bu problem daha çox yayılıb?

-Biz elə bilirik ki, insan orqanizmində daimi işləyən orqan ürək və sinir sistemidir. Lakin onurğa da demək olar daim fəaliyyətdədir və bunu nəzərə almaq lazımdır. Bu gün aktual olan məsələ - belarası fəqərələrin yırtığının yaranmasıdır. Onurğa insanın dayaq nöqtəsidir, bel də bütün yükü daşıyır. Çəki çox olanda, ağır yük qaldırıb itələdikdə, bel nahiyəsinə daha çox yük düşür. Belə olanda fəqərələrin arasında yastıq funksiyasını daşıyan, sürtünmənin qarşısını alan qığırdaqlarda deformasiyalar yaranır. Yırtıqlar (qrıja), protruziyalar ortaya çıxır.

Bundan başqa, onurğa sütununda fəqərələrin bir-birinin üzərində sürüşməsi də olur. Hər bir insanın quruluşu elədir ki, fəqərələr arıdıcıllıqla düzülüblər. Onların bir-birinə nəzərən önə, arxaya yerdəyişməsi ağrılar yaradır. Digər səbəblərdən biri - onurğa kanalında əmələ gələn stenozlardır. İnsan yaşa dolduqca, belinə düşən yükün artması, fəqərələr arasındakı bağlarda qalınlaşmalar əmələ gəlir. Bu da onurğa kanalındakı sinirlərin sıxılmasına, həmin nahiyənin daralmasına gətirib çıxarır. Xalq arasında “sümük yumşalması” – osteoporoz deyilən xəstəliyə də çox rast gəlinir.

- Bu problemləri önləmək üçün hansı profilaktik tədbirlər görülməlidir?

- Profilaktika kimi kökəlməmək, çəkinin artmasının qarşısını almaq, idmanla məşğul olmaq məsləhətdir. Həm bel, həm qarın əzələləri məşq etdirilməlidir, qüvvətləndirilməlidir. Çünki möhkəmə əzələlər sanki korset funksiyasını yerinə yetirmiş olur. Vətəndaşlar düzgün oturmalıdır. Bir tərəfə, yaxud önə əyilmək olmaz, əks təqdirdə skalioz yarana bilər. Əgər kimsə işi ilə bağlı uzun müddət ayaq üstündə durmaq məcburiyyətindədirsə, onda ayaqlarını hərəkət etdirməklə, belə düşən yükü bölüşdürməlidir. 

Ən vacib məsələlərdən biri də - yataqlar düzgün seçilməlidir. Fiziki işlə oturaq işləri növbələşdirmək lazımdır. Məsləhət görərdim ki, hər kəsə ağır yükü götürməkdən çəkinsin. Kişilərin diqqətinə çatdıraq ki, siqaret çəkilməsi də bel ilə bağlı problemləri artırır. Çünki, orqanizmin bütün toxumalarında olduğu kimi bel əzələlərində də oksigen çatışmazlığı yaranır. Bu da bir az zədələnmiş çətinliyə düşən əzələlərin daha da zəifləməsinə gətirib çıxarır.

Hidroterapiya – üzgüçülüklə məşğul olmaq, hovuza getmək də ağrıların azalmasına, həm də insanların düzgün formalaşmasına kömək göstərir.

- Dediniz ki, bu məsələdə ən mühüm məsələ düzgün diaqnozun qoyulmasıdır. Bunun üçün hansı üsullardan istifadə olunur?

- Əgər ilkin müayinə zamanı ciddi onurğa problemindən şübhələniriksə, son diaqnozun qoyulması üçün maqnit rezonans tomoqrafiyadan (MRT) istifadə edirik. Bəzən xəstələr daha ucuz olması üçün, tez alınması üçün səhvən kompüter tomoqrafiyasından istifadə edirlər. Lakin bunlar fərqli müayinələrdir. Onurğa patologiyası zamanı mütləq MRT-dən keçmək lazımdır. Bəzən isə MRT nəticələri olduğu halda rentgen müayinəsindən də keçiririk. Çünki rentgeni xəstənin hərəkətdə olduğu halda da çəkmək olur. Düzgün diaqnoz qoyulursa və düzgün müalicə aparılırsa, əməliyyatdan sonra şikayətlərin 95 faizi bitir. Çox az hallarda ağrılar qismən azalmış olur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi