Yuxarı

Əziz Əliyevin anadan olmasının 118-ci ildönümü münasibətilə konfrans keçirilib

İnstitutun rektoru: Onun milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında müstəsna xidmətləri olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Görkəmli alim və dövlət xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 118-ci ili tamam olur. Bu münasibətlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda konfrans keçirilib. "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Konfransda çıxış edən institutun rektoru Nazim Qasımov deyib ki, onun milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri var: "Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olub. Onun şərəfli ömrünün bir hissəsi institutla bağlı olub. O bu institutun rektoru vəzifəsində çalışıb və hazırda institut onun adını daşıyır".

Bildirilib ki, institutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilməsi, milli kadrların, adlı-sanlı alim-həkimlərin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olunublar. İnstitutda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edilib. İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerləşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edilib. İnstitut respublikada əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrilib.

Ə.Əliyevin tibb və səhiyyə elmi sahəsinə verdiyi xidmətlərdən qısa məlumat verildikdən sonra konfrans öz işini institutun gənc alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunan çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, konfransda Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, həkim-müdavimlər iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi