Əcnəbilər vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsini öyrəniblər

Əcnəbilər vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsini öyrəniblər Bu məqsədlə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri Azərbaycanda olublar
Sağlamlıq
20 May , 2016 15:49
Əcnəbilər vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsini öyrəniblər

Bakı. 20 may. REPORT.AZ/ Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri Azərbaycanın vərəmə qarşı mübarizə sahəsində mövcud təcrübəsini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olublar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Filippin, Ukrayna, Moldova, Gürcüstan və Qırğızıstanın penitensiar müəssisələrində vərəm əleyhinə xidmətlər göstərən və ümumilikdə 17 nəfər olan həkimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və rəhbər vəzifəli şəxslər üçün Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Vərəm üzrə Təlim Mərkəzi tərəfindən "Çoxsaylı / Geniş Dərmana Davamlı Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi" mövzusunda beynəlxalq tədris kursu keçirilib.

Kursun açılışında nazirliyin Tibb baş idarəsinin rəhbərliyi və ÜST Avropa Regional Bürosu Mərkəzi Aparatının və Azərbaycan üzrə Ölkə Ofisinin məsul şəxsləri iştirak edib, beynəlxalq səviyyədə artıq ikinci dəfə keçirilən tədbirin mühüm əhəmiyyəti qeyd olunub. 5 gün davam edən tədris kursunda dinləyicilər üçün yerli mühazirəçilər, həmçinin dəvət olunan beynəlxalq ekspertlər, o cümlədən ÜST-in məsul əməkdaşları tərəfindən xüsusi proqram üzrə müxtəlif mövzular tədris olunub. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının ən son tələblərinə uyğun olaraq və Ədliyyə Nazirliyi tibb xidmətinin penitensiar müəssisələrdə praktiki fəaliyyətlərinin nəticələrinə əsaslanaraq hazırladığı mövzular təqdim edilib.

Dinləyicilərə aktual nəzəri mövzularla yanaşı, Azərbaycanın penitensiar müəssisələrində vərəmə nəzarət prosesi ilə əyani tanışlıq imkanı yaradılıb. Tədris prosesində müalicənin mərkəzləşdirilən qaydada aparılması, dərmanlara həssaslıq göstəricilərinə müvafiq standartlaşdırılmış müalicə rejimlərinin təyini, beynəlxalq standartlara uyğun innovativ laborator diaqnostika metodlarının geniş tətbiqi, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və sosial dəstək kimi Azərbaycanın unikal təcrübəsi dinləyicilərin böyük marağına səbəb olub, Azərbaycanın penitensiar müəssisələrində həyata keçirilən tibbi tədbirlərin ölkə miqyasında aparılan işlərə uyğunluğu və koordinasiyalı fəaliyyət razılıqla qarşılanıb.

Səfər zamanı, həmçinin dinləyicilər üçün Bakının görkəmli və tarixi yerləri ilə tanışlıq turları, mədəni tədbirlər təşkil edilib, Ermənistan tərəfindən torpaqlarımızın işğala məruz qalması faktı, hərbi təcavüzün davam etdiyi şəraitdə belə ölkəmizin son illər ərzində hərtərəfli inkişafı barədə müfəssəl məlumatlar verilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyası, habelə birgə fəaliyyətin nəticələrinə əsaslanaraq BQXK Azərbaycanın vərəmlə mübarizədə nailiyyətlərini təqdir edərək onu örnək kimi digər dövlətlərə tətbiqi üçün tövsiyə edib və bununla əlaqədar 15-ə yaxın dövlətin nümayəndələri Bakıya 20-dən artıq səfərlər edərək müsbət təcrübəmizdən bəhrələniblər.

Son xəbərlər

Orphus sistemi