Yuxarı

Dövlət qurumları dərmanların yeni qiymətlərlə satılmasına nəzarət edirlər - REPORTAJ

Yeni qiymətlərdən dərman alanlar da, satanlar da razıdır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda dərman vasitələri artıq Tarif Şurasının təsdiq etdiyi yeni qiymətlərlə satılır. Sentyabrın 15-də qüvvəyə minən qaydalara əməl olunması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə birlikdə ölkədə fəaliyyət göstərən apteklərdə nəzarət tədbirləri həyata keçirirlər. 

"Report"un əməkdaşı dövlət qurumlarının Nərimanov rayonu ərazisində, Ağa Nemətulla küçəsində yerləşən apteklərdə keçirdikləri monitorinqlərdə iştirak edib.

Nəzarət tədbirlərini həyata keçirən işçi qruplarından birinin rəhbəri Cavanşir Zeynalov deyib ki, Tarif Şurasının təsdiqlədiyi siyahıya 1 057 dərman daxildir və bir apteki yoxlamaq üçün bir gündən artıq vaxt tələb olunur: "Qərarın qüvvəyə mindiyi ilk gün baxış keçirdiyimiz apteklərdə heç bir qanun pozuntusuna rast gəlməmişik. Eyni zamanda, siyahıda olan və satışa çıxarılan dərmanların üzərindəki qiymətlər də təsdiq olunmuş üsulla yapışdırılıb. Müşahidələrimiz daim davam edəcək".

Aptekin rəhbəri də dərmanların yeni qiymətlərlə satışa çıxarıldığını bildirib: "Dərmanların qiymətləri ilə bağlı siyahı bütün apteklərdə olduğu kimi, bizdə də var. Qiymətlərlə bağlı kiminsə şübhəsi olsa, həmin siyahını onlara təqdim edə bilərik".

Digər aptekə baxış zamanı da müəyyən olunan dərmanların yeni qiymətlərlə satıldığının şahidi olduq. Aptekin müdiri deyib ki, depodan hələlik 200-ə yaxın çeşiddə dərman alıblar: "Dərmanların hamısını birdən gətirmək mümkün deyil. Mərhələli şəkildə digər dərmanları da alacaq və satışa çıxaracağıq".

Aptekdən o da bildirilib ki, artıq insanlar onlara lazım olan dərmanları yeni qiymətlərlə alırlar. 

Müşahidə apardığımız digər apteklərdə də analoji vəziyyət hökm sürürdü.

Apteklərdə olan alıcılar isə yeniliklərdən məmnun olduqlarını vurğulayıblar: "Bu cür qərarın qəbul edilməsi alqışlanandır. Ən azından əhalinin aztəminatlı təbəqəsi dərmanlara çox pul xərcləməyəcək".

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "Report"a açıqlamasında qeyd edib ki, dərman vasitələrinin dövlətin müəyyənləşdirdiyi qiymətlərlə satılması və bu sahədə yol verilən qanunsuzluqların qarşısını almaq üçün nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb: "Razılaşmaya görə, əczaçılıq bazarında qiymət intizamına ciddi baxılması üçün hər iki qurumun birgə nəzarət tədbirləri keçirilir. Qaydalara riayət etməyən obyektlər aşkarlansa, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək".

Xatırladaq ki, Tarif Şurası ilkin mərhələdə 1 057 dərman vasitəsinin qiymətlərini tənzimləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi