Yuxarı

Həkim-stomatoloq: "Diş məcunları seçərkən yaşıl rəngdə olanlara üstünlük vermək məsləhətdir" - MÜSAHİBƏ

“Kariyesin pulpit, periodontit kimi fəsad hallarına keçməsinə çox vaxt lazımdır”

Bakı. 23 sentyabr. REPORT.AZ/ İnsan orqanizmində daim qulluq tələb edən üzvlərdən biri də dişlərdir. Hazır qidaların qəbulu, çay və qəhvə, keyfiyyətsiz su içilməsi dişlərin bəzən sıradan çıxmasına səbəb olur. Dişlərin sağlam olması üçün onları sadəcə təmizləməkdən başqa nələri bilmək vacibdir? Azərbaycan Tibb Universitetinin (ATU) Stomatoloji Klinikasının həkim stomatoloqu Yunis Həsənov diş problemləri ilə bağlı sualları cavablandırıb. "Report" ATU-nun mətbuat xidmətinə istinadən həmin müsahibəni təqdim edir:

- Ağız boşluğunda ən çox yayılan xəstəliklərdən biri sayılan kariyes necə əmələ gəlir? Sonradan bu xəstəliyin pulpit, periodontit kimi fəsadlarından necə qorunmaq olar?

- Kariyes əsasən ağız boşluğunda bəlli bölgələrin yaxşı təmizlənməməsi nəticəsində əmələ gəlir. Buna da əsasən diş araları aiddir. Arxa dişlərdə isə çox vaxt dişlərin üzərindəki çökəkliklərdə qida qalıqlarının qalması nəticəsində kariyes əmələ gəlir. Bu cür problemlərin qarşısının alınması üçün ağız boşluğunun gigiyenasına ciddi diqqət yetirilməlidir. Əgər kariyes artıq əmələ gəlibsə, onda mütləq stomatoloqa müraciət etmək lazımdır.

Kariyesin pulpit, periodontit kimi fəsad hallarına keçməsinə çox vaxt lazımdır. Bunun üçün kariyes inkişaf edib, sinir toxumasına çatmalıdır. Sinir zədələnəndən sonra dişin tərkibində iltihabi proses başlayır. Belə halları önləmək, kariyesin ilkin mərhələsində müalicə edə bilmək üçün hər 6 aydan bir həkim stomatoloqun müayinəsindən keçmək lazımdır.

- Bəzən dişin xarici görünüşündə heç bir dəyişiklik müşahidə olunmur. Amma diş isti, soyuq, turş kimi amillərə reaksiya verir. Bu nədən xəbər verir?

- Bunun bir çox səbəbi ola bilər. Daha çox yayılmış səbəb - dişlərin kontaktında kariyes boşluğunun əmələ gəlməsidir. Bu boşluq xaricdən görünmür, yalnız dental rentgen sayəsində təyin olunur. Bundan əlavə, bu kimi hallara həm də həssas dişlərdə rast gəlinir. Belə həssaslıq əsasən xüsusi turşuların təsirindən yaranır.

- Diş məcununun diş xəstəliklərinin qarşısının alınmasına təsiri varmı? Reklamlara inansaq, diş məcunu nə qədər bahalıdırsa, daha keyfiyyətlidir və kariyesin yaranmasının qarşısını alır. Həqiqətən belədir?

- Əslində qiymət və keyfiyyətlə yanaşı, həm də diş fırçaları və məcunlarında bəzi amillərə fikir vermək lazımdır. Məsələn, diş məcunları seçərkən yaşıl rəngdə olanlara üstünlük vermək məsləhətdir. Çünki bu o deməkdir ki, belə məcunun tərkibi təbiidir, otlardan hazırlanıb. Diş fırçaları isə hər kəs üçün fərdi olaraq seçilməlidir. Bu işdə həkim-stomatoloq da sizə kömək edə bilər. Çünki fırçalar adətən yumşaq, orta və sərt olur. Əksər hallarda orta sərtlikli diş fırçalarından istifadə olunur. Uşaqlara isə daha çox yumşaq fırçalar məsləhət görülür. Sərt fırçalardan nadir hallarda istifadə olunur. Bu, diş ətinin qanayıb-qanamamasından asılıdır.

- Bəs, ağızdan pis qoxunun gəlməsi dişlərdə hansısa problemdən xəbər verir?

- Ağızdan pis qoxunun gəlməsinin yenə başlıca səbəbi kariyesdir. Kariyes yarandıqda, dişin sərt toxumaları boşalır və yemək qırıntıları orada qaldığına görə, pis iy gəlir. Bəzi hallarda belə qoxu damaqdan da gələ bilər. 

- Çox vaxt diş fırçalayarkən diş ətinin qanamasına əhəmiyyət vermirik. Bu, sonradan hansısa problemlər yarada bilərmi?

- Qanama varsa, bu gələcəkdə sümükdə rezobrsiyaya, dişin çıxarılmasına səbəb ola bilər. Qanamanın digər səbəbi isə diş fırçalarının düzgün seçilməməsidir. Bu da diş ətinin şişməsinə gətirib çıxarır ki, bir müddət sonra dişin kökü üzə çıxır.

- Plombların daha uzunömürlü olması üçün onların hazırlandığı materialın fərqi varmı?

-Əlbəttə var. Plombların hazırlandığı material qədər, onun ağız boşluğuna yerləşdirilməsi də əhəmiyyət kəsb edir. Bu zaman düzgün antiseptik qaydalarına riayət olunmalıdır ki, plombla diş ətinin arasına hər hansı bir maye daxil olmasın. Buna da xüsusi izolyasiya üsulları ilə nail oluna bilər. Digər tərəfdən, material da düzgün seçilməlidir. Bizim klinikada daha çox xaricdən gələn keyfiyyətli, bahalı plomblara üstünlük verilir.

- Diş-damaq xəstəliklərindən başqa dişlərin estetik bərpası üçün müraciət edənlərin sayında artım varmı?

- Estetika həmişə aktual bir mövzu olub. Ən çox da ön dişlərdə buna daha çox əhəmiyyət verilir. Əvvəllər ön dişlərdə estetik görünüşə dişlərin qapaqla örtülməsi sayəsində nail olurdular. Amma indi dişlərin qapaqla bərpası zamanı dişlər çox yolunur. İndi isə plombla bərpa olunan xüsusi üsullar var. Həm qapaq sayıla biləcək, həm də bizim "vinner" dediyimiz üsulla estetik görünüşün bərpasına çatmaq mümkündür.

- Dişləri düzgün şəkildə təmizləməklə bağlı, həm də onların möhkəm olması üçün oxucularımıza hansı məsləhətləri verə bilərsiniz?

- Məsləhət görərdim ki, hər səhər və axşam olmaqla mütləq şəkildə dişlər yuyulsun. Diş fırçalarının sərtliyinə diqqət yetirsinlər, təbii diş məcunlarına üstünlük versinlər. Azı hər 6 aydan bir həkim müayinəsinə gəlsinlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi