Direktor müavini: “Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı ildən-ilə artır”

Direktor müavini: “Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı ildən-ilə artır” Rüstəm Salayev: “Son zamanlar daha çox 25-30 yaş arası insanlar mərkəzə müraciət edir”
Sağlamlıq
10 Oktyabr , 2016 11:52
Direktor müavini: “Psixi Sağlamlıq Mərkəzinə müraciət edənlərin sayı ildən-ilə artır”

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Bu il bir çox intihar hallarını vaxtında aşkar etdiyimizdən, onların qarşısını tez ala bilmişik". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib.

Onun sözlərinə görə, mərkəzə müraciət edənlərin sayı ildən-ilə artır: "Ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur. Bu, xəstələrin sayının artması ilə əlaqədar deyil. Sadəcə, insanlar əvvəllər həkimə müraciət etdikdə onlara psixi xəstə damğası vurulurdu, lakin hazırda bununla bağlı ciddi problem yoxdur. Yəni, insanlar bu gün çəkinmədən rahat şəkildə psixiatra müraciət edə bilirlər. Bu da öz növbəsində müraciətlərin sayının artmasına səbəb olur".

R.Salayev qeyd edib ki, psixoloji məsləhət üçün müraciət edənlərə anonim yardım göstərilir. Ona görə də bununla bağlı rəsmi sayı demək mümkün deyil: "Lakin hazırda Azərbaycanda dispanser müşahidəsində olan xəstələrin say göstəricisi 70 - 82 min arasında dəyişir. Təbii ki, bu rəqəm daim yenilənir. Çünki çox vaxt yekunda insan ya sağalır, ya da ölkəni tərk edir. Müraciət edənlər arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər bütövlükdə hər cür çətinlikləri olan insanlar var. Eyni zamanda, depressiyalarla bağlı da müraciətlər çoxluq təşkil edir. Bundan başqa, ruhi xəstəliklərlə bağlı da bizə müraciət edənlər olur".

Depressiyada olanların 20 faizinin intihar barədə fikirləşdiyini deyən direktor müavini əlavə edib ki, bu, çox böyük rəqəmdir: "Mərkəzə müraciət edənlərin yaş kateqoriyası yoxdur. Yəni, uşaqdan böyüyə kimi hər kəs bizə müraciət edə bilər. Son zamanlar daha çox gənclər, əsasən də 25-30 yaşlı insanlar mərkəzə müraciət edirlər. Onların həyatla bağlı stress keçirdiklərini güman edirik. Sonuncu devalvasiyadan sonra bu hal daha da artıb. Bu haldan sonra psixoloji müayinə üçün müraciət edən oğlan və kişilərin sayı 30-40 faiz artıb. Eyni zamanda, ailə münaqişəsi məsələləri də buna misaldır".

Son xəbərlər

Orphus sistemi