Yuxarı

Direktor müavini: “Azərbaycanda vərəm xəstələrinin sayı azalıb”

İradə Axundova: “Bu birtərəfli tendensiya ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir”

Bakı. 10 avqust. REPORT.AZ/ "Son illərdə ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi və belə xəstələrin sayının əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur".

"Report"un məlumatına görə, bunu Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində ETACXİ-nin nəzarəti altında ölkədə epidemiloji vəziyyəti xarakterizə edən vərəm xəstəliyinə dair statistik göstəricilər toplanaraq analiz olunur: "Son 5 ildə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur".

İ.Axundova qeyd edib ki, bu xəstəlik üzrə ən aktiv yaş 20-40 arasında dəyişir: "Bu xəstəlik üzrə ölüm göstəricisi ötən illə müqayisədə hər 100 min nəfərə 3,8 insan düşür. Ölkədə 4 minə yaxın insan yeni xəstədir. Epidemioloji vəziyyəti xarakterizə edən əlavə göstəricilərdən biri də ilkin aşkar olunan vərəmli xəstələr arasında ayrı-ayrı kliniki formalar üzrə xəstələnmədir. Ağ ciyər vərəminin strukturuna nəzər salsaq, ümumilikdə ölkə üzrə ocaqlı (erkən) vərəm formalarının artması, infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə müşahidə olunur. Bu da öz növbəsində əhalinin, əsasən də, risk qruplarının aktiv aşkarlanma üsullarına aktiv cəlb olunması, erkən aşkarlanmanın yaxşı aparılması ilə əlaqədardır".

O əlavə edib ki, epidemioloji prosesin gedişini təyin etmək üçün bu il ilkin xəstələr arasında 0-14 və 15-17 yaş qruplarında xəstələnən uşaqların sayı hesablanır: "Son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması (21,45-dən 14,3-dək ) müşahidə olunur. 100 min uşaq arasında 14 uşaq vərəm xəstəsidir. Lakin son zamanlar vərəmdə yaşlanma gedir. Bu birtərəfli tendensiya ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir". 

İnstitut rəsmisi xatırladıb ki, vərəm əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir: "Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9.000.000-dan artıq insan bu xəstəliyə yoluxur və 1.800.000 insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi