Yuxarı

Agentlik direktoru: “İcbari Tibbi Sığortanın baza zərfinə daxil edilən xəstəliklərin sayı artırılacaq”

Yevlax rayonunda İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) direktoru Zaur Əliyev bu gün Yevlax rayonunda İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüşüb. 

Bu barədə “Report”a agentliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Yevlax rayon icra hakimiyyətinin başçısının müavini Elnarə Məmmədova bildirib ki, İTS-in pilot layihəsinin Yevlaxda həyata keçirilməsi sakinlərin tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.

İTSDA direktoru Z.Əliyev isə qeyd edib ki, bu ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir: “Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir. Çünki İcbari Tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək”.

Z.Əliyev deyib ki, agentlik icbari tibbi sığortanın baza zərfini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: “Baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi icbari tibbi sığortanın baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir. Ümid edirik ki, layihə bu rayondan uğurla başlayacaq və qısa zamanda bütün ölkə ərazisində tətbiq olunacaq”.

Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov səhiyyə sahəsində aparılan islahatlardan danışaraq qeyd edib ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib: “İcbari tibbi sığortanın tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək verəcək”.

Milli Məclisin deputatları Musa Quliyev və Məlahət İbrahimqızı icbari tibbi sığortanın əhəmiyyəti haqqında danışaraq, əhalinin bu sistemdə fəal iştirakının vacibliyini vurğulayıblar. Tibb ictimaiyyətinin bu prosesdə çox çalışmasının zəruriliyini qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi