Yuxarı

Dietoloq: "Azərbaycanda əhalinin 60 faizi piylənmədən əziyyət çəkir" - MÜSAHİBƏ

Ləman Süleymanova: Rəsmi qaydada araşdırılsa, arıqladıcı kokteyllərdən nə qədər insanın dünyasını dəyişdiyi üzə çıxar

"Piylənmə gənc qızların ana olmaq şansını azaldır, oğlanlarda isə kişilik funksiyasının pozulmasına səbəb olur və onlarda qadın hormonu daha aktiv olur"

"Valideynlər övladlarının gənc yaşdan belə problemlər yaşamasını istəmirlərsə, mütləq mütəxəssisə müraciət etməlidirlər"

"Rəsmi qaydada araşdırılsa, arıqladıcı kokteyllərdən nə qədər insanın dünyasını dəyişdiyi üzə çıxar"

Bakı. 6 avqust. REPORT.AZ/ Dietoloq-terapevt Ləman Süleymanovanın "Report"a müsahibəsi:

- Hazırda piylənmə bütün dünyanın probleminə çevrilib. Azərbaycanda vəziyyət necədir? 

- Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı getdikcə artır. Bu, ilk növbədə qidalanma ilə bağlıdır. İnsan nə qədər düzgün, keyfiyyətli qidalanarsa, yeməyinə diqqət edərsə, bir o qədər özünü piylənmədən sığortalayar. Bütün xəstəliklərin əsas səbəblərindən biri qeyri-normal qidalanmadır. Piylənmə də xəstəlikdir. Xəstəlik isə arxasınca başqa problemlər, xəstəliklər gətirir. Piylənmə özü orqanizmdə müxtəlif fəsadlara, şəkərli diabetə, mədə-bağırsaq, ürək-damar xəstəliklərinə səbəb olur. Əgər insanın çəkisi yüz kiloqramı keçərsə, bu, ürəkdə ciddi problem yarada bilər. Həddindən artıq kök insanın ürəyinin xəstə olması qaçılmazdır.

- Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı nə qədərdir? Bu hal daha çox hansı yaşda olan insanlarda müşahidə olunur? 

Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, Azərbaycanda əhalinin 60 faizi piylənmədən əziyyət çəkir. Hazırda gənclərdə sürətlə və həddən çox piylənmə gedir. Piylənmədən əziyyət çəkənlərin 40 faizi gənclərdir, çünki qidalanma rejiminə riayət etmirlər.

Genetik modifikasiya olunmuş ərzaqlardan istifadə edilməməlidir. Bu zəhərli məhsullar piylənmə yaratmasa da, digər xəstəliklərə təkan verir. 

- Uşaqların piylənməsinin qarşısını necə almaq olar?

- Körpə uşaqların valideynləri həddən artıq çəki probleminə görə həkimlərə tez-tez müraciət edirlər. Belə müraciətlərin sayı artıb. Valideyn deyir ki, mənim cəmi bir uşağım var və onun üstündə əsmişəm, yaxşı yedizdirmişəm ki, uşaq sağlam olsun. Valideynlərdə belə bir fikir formalaşıb ki, uşağı yaxşı yedizdirmək lazımdır ki, o sağlam olsun. Bu, çox yanlış yanaşmadır. Əgər valideynlər övladlarının gələcəyini düşünürlərsə, onları körpəlikdən düzgün qidalanmağa öyrətməlidirlər və rejimlə qidalandırmalıdırlar.

Yeniyetməlik çağında baş verən piylənmə həm oğlan, həm də qızlarda böyük problemlər yaradır. Gənc qızların ana olmaq şansı azalır, oğlanlarda isə bütün funksiyalar pozulur və onlarda qadın hormonu daha aktiv olur. Kökəlmə yeniyetmənin görkəminə təsir edir, daxili orqanları piylənir.

Valideynlər övladlarının gənc yaşdan belə problemlər yaşamasını istəmirlərsə, mütləq mütəxəssisə müraciət etməlidirlər. Amma bu zaman da diqqətli olmaq lazımdır. Müraciət edilən mütəxəssis isə bu sahənin incəliklərinə bələd olmalıdır ki, təyin etdiyi müalicə effekt versin, orqanizmdə başqa fəsadlara səbəb olmasın. Dırnaqarası dietoloqlara müraciət etmək olmaz. Əgər kimsə arıqladıcı dərman, kokteyl məsləhət görürsə, o həkimin dietologiya elmindən heç bir anlayışı yoxdur. Oyuncaq mərkəz yaradıb, orada köklüyə qarşı müalicə apardıqlarını iddia edənlərə üz tutanlara arıqladıcı kokteyl verirlər və bununla insanları aldadırlar. Bu cür maddələr orqanizmdə böyük fəsadlara səbəb olur, hətta insanı yataq xəstəsinə çevirə bilər. Rəsmi qaydada araşdırılsa, bu kokteyllərdən nə qədər insanın dünyasını dəyişdiyi üzə çıxar. 

- Piylənmənin səbəbləri nədir? 

- Bu, əsasən qidalanma ilə bağlıdır. Stress və əsəb də piylənmənin səbəblərindən biridir. Qalxanvari vəzidə problem olanda da piylənmə baş verir. Bizim iqlim xüsusiyyətindən asılı olaraq, qalxanvari vəzidə çox problem olur. Narahatçılıq olan halda mütləq endokroloqa müraciət etmək lazımdır.

Piylənmə həmçinin iş rejimindən, düzgün və vaxtında qidalanmamaqdan da asılıdır. İnsan vaxtında və düzgün qidalanmayanda həzm prosesi pozulur. Bu da piylənməyə gətirib çıxarır.

- Bu problemdən əziyyət çəkən insanların müalicəsi necə aparılmalıdır?

- Bəzi pasiyentlər kortəbii şəkildə pəhriz saxlayır. Bu, bir cinayətdir. Pasiyent gəlib müayinə olunmalıdır. Piylənmənin dərəcəsinə baxılmalı, daxili orqanları yoxlanmalı, ultrasəs müayinəsindən keçməli, mütləq hormonlar yoxlanılmalıdır. Əvvəlcə xəstə ilə psixoloji söhbətlər edilməlidir. Söhbətlərdən və analizlərin cavabından sonra yalnız həmin pasiyentə məxsus proqram tərtib olunur. Pasiyentə fərdi yanaşmaq lazımdır. Diqqətli olmaq lazımdır ki, itirilən çəki sonradan geri qayıtmasın. Sağlam şəkildə arıqlatmaq lazımdır, heç bir dərmandan istifadə etmədən, ac qalmadan, normal yemək yeyərək müalicəyə davam etmək lazımdır. Vitamin və mineralları insan qidalardan alır. Normal formada arıqlayanlar sonradan kökəlmir.

- Piylənmə insan üçün hansı təhlükələr yaradır? 

- Piylənmə qadınların ana olmaq şansını azaldır, kişilərin gələcək həyatına mənfi təsir göstərir. Bundan əlavə, piylənmə stress yaradır, yuxu rejiminin pozulmasına, ürək-damar xəstəliyinə gətirib çıxardır, mədə-bağırsaq, endokrinoloji xəstəliklərə səbəb olur. Piylənmə uşaqdan böyüyə hamının daxili orqanlarında problemlər yaradır, immunitet, zehni qabiliyyət zəifləyir. Sağlam olmaq üçün qidalanmaya diqqət yetirmək lazımdır. 

Piylənmə həm də şəkərli diabetin ikinci tipinin yaranmasına səbəb olur. Bu insanlarda insulin normadan çox ifraz olunur və belə insanlar kökəlməyə meyilli olurlar, çünki mədə ilə beyin arasında əlaqə kəsilir, insanın qidadan gözü doymur, yedikcə yemək istəyir. Bu hal insandan asılı olmur. Şəkərli diabetin ikinci tipində dərmandan istifadə etmək olmaz. Pəhriz və düzgün qidalanma ilə orqanizm normaya salınmalıdır. Belədə bədən sağalmaya meyilli olur, insulini normaya salmaq mümkün olur.

- Qısa zaman ərzində xeyli arıqlamaq mümkündürmü?

- Bir ay ərzində 30 kilo arıqlamaq mümkün deyil. Bütün vitamin balansı zəifləyir. Bir ayda 5-6, maksimum 10 kiloqram arıqlamaq olar. Elə orqanizm var ki, o, bir ayda 12 kiloqram verə bilər. Bu səbəbdən də orqanizmə fərdi yanaşılmalıdır.

- Gənc anaların pəhriz saxlamaları nə qədər doğrudur?

- Xüsusilə hamilə qadınlar düzgün qidalanmalıdır, onda kökəlməyəcəklər. Ana çox və qeyri-normal qidalananda uşaq vitaminsiz qalır və dünyaya gələn kimi xəstələnir. Çünki onların düzgün qidalanması həm ananın özünə, həm də uşağın inkişafına təsir göstərəcək. Uşaq ana bətnində olandan qidaları tanımağa başlayır. Hamilə qadın çox yeməyə deyil, düzgün qidalanmaya daha çox üstünlük verməlidir. Təbii ki, uşaq inkişaf etdikcə çəki artmalıdır, amma ananın özünün piy kütləsi normadan artıq olmamalıdır. Hamiləlik boyunca 10 kq-dan artıq çəki alınmamalıdır. Uşaq dünyaya gələndə ana südü ilə qidalanmalıdır. Amma təəssüflər olsun ki, valideynlər müxtəlif səbəb və bəhanələrlə bu vacib məsələyə diqqət yetirmirlər. Körpələrin xüsusi dadbilmə qabiliyyəti var, hansı yeməyə daha çox alışdırsan, o dadı yadında saxlayır, sonralar ondan daha çox istəyəcək. Uşağı körpəlikdən düzgün qidalanmaya öyrəşdirməliyik. Çünki o, uşaqlıqdan öyrəndiyi dadı, qoxunu ömür boyu axtarır. Düzgün qidalar dedikdə sağlam qidalar nəzərdə tutulur. Hamilə qadınlar təbii meyvə şirələrindən istifadə etsinlər.

- Azərbaycan mətbəxinin, yeməklərinin yağlı olmasını piylənmənin səbəblərindən biri kimi göstərmək olarmı?

- Azərbaycan mətbəxi dünyanın ən öndə gələn mətbəxindən biridir və çox zəngindir. Mətbəximizdə çox gözəl, yağlı qidalar var. Bizim düşüncəmizə görə, yemək bol yağlı və bol duzlu olmalıdır. Mən demirəm ki, bu qidaları rasionunuzdan çıxardın. Təbii ki, bu, mümkün deyil. 

Azərbaycan yeməkləri piylənməyə səbəb olan əsas amillərdən biridir. Amma elə qidalana bilərik ki, həmin qidalar bizdə mənfi təəssürat oyatmasın.

- Maarifləndirmə işləri aparmaqla, qidalanma mədəniyyətini yüksəltməklə insanların piylənməsinə səbəb olan amilləri aradan qaldırmaq mümkündürmü? 

- Bəli. Piylənmə məhz insanların maariflənməməyinin nəticəsidir. Azərbaycanda qida maarifləndirməsi yoxdur. Təzə-təzə başlanır, yenə də ümid var ki, biz gələcək nəsli xilas edə bilərik. Mütləq əhalini qidalanma sahəsində maarifləndirmək lazımdır.

- İdmanla məşğul olmaqla kökəlmənin qarşısını almaq olarmı? 

- İdman çox faydalıdır. İdmanla məşğul olan insanlar çox nadir hallarda xərçəng xəstəliyinə tutulurlar. Çünki xərçəngə meyilli olan hüceyrələr ac qalır, qidalana bilmir.

İdmanla məşğul olmayan insanlar üçün ən əlverişlisi piyada gəzmək, aktiv həyat tərzidir. Belə adamların arıqlamaq üçün xüsusi idmanla məşğul olması düzgün deyil. Amma daimi idmanla məşğul olanlarda isə təbii ki, fərqlidir.

- Bəs çəki azlığının səbəbləri nədir? İnsanlar bu halda nələr etməlidir?

- Təbii ki, bədən indeksi normadan az olan insanlar da var. Bunun ilk səbəbi genetik amildir. Belə insanlar 5 kq-dan artıq kökələ bilməzlər. Çünki onların fizioloji quruluşu elədir. Başqa bir səbəb isə müəyyən xəstəliklər ola bilər. Qurd xəstəliyindən əziyyət çəkən insanlarda çox vaxt bədən indeksi normadan az olur, immunitet zəifləyir. Belə insanlar müayinə olunmalıdır, əgər hər hansı xəstəlik aşkarlanarsa, müalicəyə başlanmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi