​DGK "donuz qripi" ilə bağlı bəyanat yayıb

​DGK "donuz qripi" ilə bağlı bəyanat yayıb Gömrük və səhiyyə orqanlarının müvafiq qurumları qarşılıqlı əlaqədədir
Sağlamlıq
26 Yanvar , 2016 12:17
​DGK donuz qripi ilə bağlı bəyanat yayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın bütün sərhəd gömrük-keçid məntəqələrində A (H1N1) - "donuz qripi" virusuna qarşı zəruri dezinfeksiya və digər əks-epidemik tədbirlər davamlı olaraq həyata keçirilir. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Qurumun yaydığı məlumata görə, DGK gömrük-sərhəd keçid məntəqələrində A (H1N1) virusu daşıyıcılarının müəyyən edilməsi və bu məsələlər üzrə həyata keçirilən əks-epidemik tədbirlər barədə məlumatları mütəmadi olaraq KİV-lə ictimaiyyətə çatdırır.

Görülən tədbirlər üzrə Dövlət Komitəsi bir daha bəyan edir ki, hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır. Gömrük və səhiyyə orqanlarının müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər mütəmadi həyata keçirilir.

"Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır və xəstəliyə yoluxma əlamətləri - yüksək hərarət, öskürək, qusma və s. simptomlar aşkar edilərsə həmin vətəndaşların təcrid olunması, sanitariya-karantin həkimləri vasitəsi ilə xüsusi müəyyən edilmiş izolyator tipli otaqlarda müayinə aparılması, fakt barədə dərhal müvafiq səhiyyə qurumlarına məlumat verilməsi mexanizmi işlənib hazırlanıb", - deyə Komitədən bildirilib.

Görülən işlər gömrük orqanlarında çalışan mütəxəssislər tərəfindən sistematik olaraq nizamlı surətdə müşahidələr aparılmaqla həyata keçirilir, şübhəli hal aşkarlanmadıqda şəxslər sorğu-suala cəlb edilmirlər. Eyni zamanda, ölkə ərazisinə daxil olan bütün sərnişin daşıyan nəqliyyat vasitələrinin (təyyarələr, qatarlar və s.) bələdçiləri ilə səyahət zamanı sərnişinlər arasında hər hansı bir xəstəliyə yoluxma halının mövcud olması barədə mütləq qaydada sorğu-sual aparılır.

DGK əhaliyə tövsiyə edir ki, hər hansı şəxs səyahət zamanı istər özündə, istərsə də ətrafındakı insanlarda şübhəli hal müşahidə etdiyi təqdirdə dərhal gömrük-sərhəd keçid məntəqələrində fəaliyyət göstərən əməkdaşları məlumatlandırsın.

Son xəbərlər

Orphus sistemi