Yuxarı
    Bağlamaq

    Dermatoloq: “Günəşdə qaralmaq dəbdədir, amma bu, dəri üçün təhlükəli ola bilər”

    Vəfa Məmmədli: “Azərbaycan əhalisinin 90 faizi göbələk və parazit problemi yaşayıb“

    Bakı. 27 avqust. REPORT.AZ/ "Günəşin altında qaralmaq dəbdədir. Amma bu, dəri üçün təhlükəli ola bilər".

    Bunu "Report"a açıqlamasında dermatoloq-kosmetoloq Vəfa Məmmədli deyib.

    O bildirib ki, qaralmanın təhlükəsini azaltmaq üçün hansı saatlarda dənizə getməyə, günəş vannası almağa diqqət etmək vacibdir: "Yaxşı olar ki, insanlar səhər saat 10:00-dan 11:00-a, ən uzağı 12:00-dək günəşin altında olsunlar. Axşam saatlarında isə 16:00-dan sonra günəşin altına çıxmaq olar. Saat 12:00-dan 16:00-dək günəşin aktivliyi yüksək olduğu üçün həmin müddət orqanizm üçün zərərlidir".

    Dermatoloqun sözlərinə görə, uzun müddət günəş vannası qəbul etmək orqanizm üçün xoşagəlməz hallara səbəb ola bilər: "Belə ki, bu proses, ilk növbədə dəridə qocalmanı tezləşdirir. Piqment mübadiləsinin pozulması prosesi ola bilər. Məsələn, Afrikada günəşin aktivliyi daha çoxdur. İnsanlar günəşin altında çox işlədikləri üçün digər ölkələrlə müqayisədə dəri xərçənginə daha çox tutulurlar. Dərisini qaraltmaq həvəsində olanlar bütün bunları nəzərə almalıdırlar. Qaralmaq insanların bəyəndiyi bir şey olsa da, sağlamlıq üçün o qədər də müsbət hal deyil. Dəri həkimi kimi insanların xoşladığı bir şeyi 100 faiz inkar edə bilməsək də, prosesin müəyyən limitdə olmasını istərdik. Qoruyucu istifadə etməklə və səhər-axşam saatlarında günəşdə qaralmaq olar. Günorta saatlarında günəşin altında olduqları üçün bədənlərində yanıqlar, suluqlar olan xəstələr müraciət edirlər. Dəfələrlə belə xəstələri müalicə etmişik. Hətta, qaralmadan üçüncü dərəcəli yanıqlar əmələ gələ bilir".

    V.Məmmədli qeyd edib ki, yay aylarında xəstəxanalara daha çox dəridə göbələk xəstəliyi olan şəxslər müraciət edirlər.  

    Onun sözlərinə görə, yay aylarında hovuzlardan çox istifadə bu xəstəlikləri daha da artırır: "Yayda dəridə allergiyanın olması da geniş yayılıb. Bir də dəridə problem yaradan qurd xəstəliyi var ki, ilboyu bu cür xəstələr müraciət edir. Qurd xəstəliyi qidalanma ilə bağlı olur. Əgər daxildə parazit varsa, bu, dəridə təzahür edir. Azərbaycan əhalisinin demək olar ki, 90 faizinin göbələk və parazit xəstəliyi yaşayıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi