Səhiyyə nazirinin müavini: "Gələn ilin martına kimi bütün dərmanların qiymətlərinin tənzimlənməsi tamamlanacaq"

Səhiyyə nazirinin müavini: "Gələn ilin martına kimi bütün dərmanların qiymətlərinin tənzimlənməsi tamamlanacaq" "Tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılacaq"
Sağlamlıq
5 Avqust , 2015 10:33
Səhiyyə nazirinin müavini: Gələn ilin martına kimi bütün dərmanların qiymətlərinin tənzimlənməsi tamamlanacaq

Bakı. 5 avqust. REPORT.AZ/ "Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub". "Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O xatırladıb ki, yeni satış qiymətləri sentyabrın 15-dən qüvvəyə minəcək: "Hazırlıq işlərinin, o cümlədən əczacılıq subyektlərinin dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir".

Nazir müavini bildirib ki, yeni qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq: "Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczacılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq".

Nazirlik rəsmisi əlavə edib ki, Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələrinin bu preparatların alınmasına çəkdiyi xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaq: "Bu isə öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcək".

İlkin mərhələdə siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatlarının daxil edildiyini vurğulayan E.Ağayev qeyd edib ki, ilin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq: "Nazirlikdə "Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı" təsdiq edilib. Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir".

O, həmçinin bildirib ki, mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarəolunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur: "Eyni zamanda, tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, "qaynar xətt" və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi və sair tədbirlər nəzərdə tutulub. Səhiyyə Nazirliyi bu və digər istiqamətlərdə zəruri tədbirlərin icrasını davam etdirəcək. Nazirliyin qarşısında qoyulan hədəflərə çatmaq üçün ixtisaslı kadrlar və müasir texniki potensialı mövcuddur".

Son xəbərlər

Orphus sistemi