Yuxarı

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə bəyannamələrin qəbuluna başlanır

Bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, iclasda Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq, “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formaları təsdiq edilib.

"Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir. Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, 10 istinad ölkəsi (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) seçilib. Qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formaları dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurularaq, 2015-ci il 9 iyun tarixindən etibarən müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmalıdır. Qərara uyğun olaraq, Tarif (qiymət) Şurasının Katibliyi dərman vasitələri üçün qiymət bəyannamələrinin təqdim edilməsi, onların təhlili və dərman vasitələrinin qiymətlərinin müəyyənləşdirilməsi prosesinin intensivləşdirilməsi məqsədilə işlərin aidiyyəti subyektlərlə koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edəcək", - məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”, “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”, orijinal və generik dərman vasitələri üçün təsdiq edilmiş qiymət bəyannamə formaları və istinad ölkələrində dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələri barədə məlumatlar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsinin (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi