Yuxarı

İnstitut rəhbəri: "Dərman təchizatı sahəsində Azərbaycanda vəziyyət qənaətbəxşdir"

Satışda olan dərman vasitəsi nisbətən ucuz, lakin effektiv ola bilər

Bakı. 22 yanvar. REPORT.AZ/ "Azərbaycanda dərman təchizatı, o cümlədən ürək-damar xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri ilə təchizat sahəsində vəziyyət qənaətbəxşdir". Bunu "Report"a Səhiyyə Nazirliyinin Ş.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun rəhbəri Adil Baxşəliyev deyib.

Onun sözlərinə görə, bəzən əczaçılıq müəssisələri müraciət edən alıcılara konkret ticarət markası adı altında satılan hər hansı konkret dərman vasitəsinin hazırda satışda olmadığını bildirirlər: "Lakin nəzərə almaq lazımdır ki, hər bir dərman vasitəsi təsiredici maddə (molekul) əsasında hazırlanıb. Bir təsiredici maddə əsasında əczaçılıq müəssisələrində bir neçə, bəzən onlarla ticarət adı altında dərman vasitəsi satılır. Əczaçılıq müəssisəsində bir ticarət markası adı altında satılan dərman vasitəsi olmadıqda, eyni molekulu daşıyan digər dərman vasitəsini əldə etmək olar".

Bəzən alıcılar düşünür ki, nisbətən bahalı dərman daha münasib qiymətə təklif olunan analoqlardan daha effektlidir. İnstitut direktoru bunun nə dərəcədə doğru olub-olmaması barədə də danışıb: "Təsiredici maddə əsasında istehsal olunan dərman vasitələri hazırda əczaçılıq müəssisələrində müxtəlif qiymət diapazonunda əhaliyə təqdim edilir. Bu səbəbdən, hər hansı bir alıcıya münasib olmayan qiymət diapazonunda satılan dərman vasitəsinin fərqli, daha ucuz qiymətlə satılan analoqunu əldə etmək mümkündür. Reallıq budur ki, dərman vasitəsinin qiyməti ilə onun effektivliyi arasında böyük bir əlaqə yoxdur. Nisbətən yuxarı qiymət onun daha effektiv olduğuna heç də dəlalət etmir. Əczaçılıq müəssisəsində satışda olan dərman vasitəsi nisbətən ucuz, lakin effektiv ola bilər.

Misal olaraq, nitroqliserin dərman vasitəsini qeyd etmək olar. Bu vasitə ürək xəstəliklərinin, o cümlədən, infarkt, ürəyin işemik xəstəliklərinin müalicəsində əvəzedilməz preparatdır. Adı çəkilən dərman vasitəsinin qiyməti əhalinin böyük əksəriyyəti üçün olduqca münasibdir. Həmçinin hipertoniya xəstəliyinin müalicəsində eyni molekul əsasında çoxsaylı dərmanlar mövcuddur. Müalicə zamanı nisbətən yuxarı qiymət diapazonundan olan dərman vasitələri ilə yanaşı, daha münasib qiymətə təklif olunan preparatlardan da istifadə etmək mümkündür. Eyni fikirləri digər xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş dərman vasitələrinə də şamil etmək olar".

Qeyd edək ki, indiyə qədər Tarif (Qiymət) Şurasının qərarları ilə 5 050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 3 661 dərman vasitəsinin qiymətləri artıq qüvvədədir, digər 1 389 dərman vasitəsinin qiymətləri isə fevralın 25-dən qüvvəyə minəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi