Deputat: "Özəl tibbi fəaliyyətlə məşğul olan fərdi həkimlər üçün güzəştlər edilməlidir"

Deputat: "Özəl tibbi fəaliyyətlə məşğul olan fərdi həkimlər üçün güzəştlər edilməlidir" Azərbaycanda özəl tibbi fəaliyyətlə məşğul olan fərdi həkimlər üçün güzəştlər edilməlidir.
Sağlamlıq
20 Sentyabr , 2019 12:07
Deputat: Özəl tibbi fəaliyyətlə məşğul olan fərdi həkimlər üçün güzəştlər edilməlidir

"Azərbaycanda özəl tibbi fəaliyyətlə məşğul olan fərdi həkimlər üçün güzəştlər edilməlidir".

"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər"mövzusunda keçirilən tədbirdə çıxış edib.

M.Quliyev əlavə edib ki, dövlət özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşmalı və dəstək verməlidir: "Əgər ölkədə özəl təhsil və səhiyyə müəssisələri olmasa, bütün yük dövlətin üzərinə düşər. Bu işin asanlaşdırılması üçün öz təkliflərimizi verməliyik. Ona görə də ilk növbədə özəl tibb müəssisələrinə müəyyən vergi güzəştləri şamil olunmalıdır. Bundan həm dərman təchizatı ilə məşğul olanlar, həm özəl tibb müəssisələri yararlanmalıdır. Vergi güzəştlərinin ən azı 8-10 faiz aşağı salınması məqsədəuyğun olardı. İstərdim ki, bu məsələni həm Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, həm İcbari Tibbi Sığorta Agentliyi, həm də Milli Məclis olaraq dövlət rəhbərliyi qarşısında qaldıraq".

O qeyd edib ki, adətən İcbari Tibbi Sığortanın əsas hədəfi dövlətə bağlı müəssisələrdir, amma burada özəl sektor da unudulmamalıdır: "Ona görə də özəl müəssisələr agentliklə sıx əlaqədə işləməlidir. Bu gün dövlət özəl sektora tibbi texnologiyaların ölkəyə gətirilməsində dəstək olmalıdır. Bu dəstək ya vergilərin azaldılması, ya da subsidiyaların verilməsi ilə özünü göstərə bilər. Xaricdən Azərbaycana çoxlu həkimlər gəlir. Çalışmaq lazımdır ki, ölkəyə xarici həkimlər yox, xarici investisiyalar cəlb olsun. Çünki Azərbaycanın artıq xarici ölkələrdə oxuyan kifayət qədər savadlı kadrları var. Xaricdən gələn investisiyalar bizim tibb sektorunun gələcək inkişafı üçün təkan olacaq". 

Son xəbərlər

Orphus sistemi