Bakı. 2 mart. REPORT.AZ/ "Cari ilin fevral ayı ərzində Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ilə bağlı 36 müraciət daxil olub. Xəstəxanaya yerləşdirilən 31 pasiyent artıq evə buraxılıb". Bunu "Report"a KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin 70 faizi qadınlar, 30 faizi isə kişilər olub: "Ümumi saydan 4 nəfəri isə uşaq olub".
Şöbə müdiri qeyd edib ki, keçən ay allergik vəziyyətlə bağlı 14 nəfər müraciət edib: "Onlardan 9 nəfər klinikaya yerləşdirilib. Həmin xəstələr əsasən iynə şəklində vurulan antibiotiklərə əks reaksiya veriblər. Onların arasında cəmi 1 uşaq olub. O da vitamin preparatına allergik təsir göstərib".
A.Maqsudov əlavə edib ki, yanvar ayı ilə müqayisədə keçən ay KTM-ə müraciət edənlərin sayında azalma müşahidə olunub.