Yuxarı

Dayə seçimi zamanı ən vacib tələb: sağlamlıq - ARAŞDIRMA

“Müasir dövrdə dayə tapmaq çətin məsələdir”

Bakı. 22 iyun. REPORT.AZ/ Valideynlər övladını etibar edə biləcək dayəni seçərkən adətən onun uşaqlarla ünsiyyət qurmaq bacarığı, səbirli, mülayim və digər bəzi xüsusiyyətlərə malik olmasına üstünlük verirlər. Lakin bu gün Azərbaycanda dayədən sağlamlıqla bağlı hansısa sənəd istəyən ailələrə çox nadir hallarda rast gəlinir. Halbuki ölkədə yoluxucu xəstəliklərin sayı yumşaq desək azalmayıb. Ona görə də ekspertlər hesab edir ki, uşağı dayəyə tapşırmazdan əvvəl terapevt, narkoloq və psixiatr müayinəsindən keçməsi və sağlamlığı haqqında arayışın tələb edilməsi zəruridir. Çünki valideynin övladını etibar edəcəyi qadında uşağına zərər yetirə biləcək xəstəliklərin olmadığına əmin olması lazımdır.Lakin bu gün hansısa dövlət və ya özəl tibb müəssisəsində dayələrə sağlamlıq haqqında arayışın verilməsinə rast gəlinmir. Sadəcə valideynin istəyindən asılı olaraq dayələrin yoxlanışı həyata keçirilə bilər. Məsələn, Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrinin biri övlad sahibi olan valideynlər üçün xüsusi paket hazırlayıb.

"Report"un xəbərinə görə, dayələr üçün nəzərdə tutulan "check-up" müayinələrinə urogenital yaxma, əsnəkdən, eləcə də burundan yaxma, döş qəfəsi rentgeni, qanın ümumi analizi, Hepatit B, C, İİV virusu, RW (qanın ümumi analizi) və EKQ (ürəyin kardioqraması) daxil edilib. Paketin ümumi qiyməti endirim kampaniyası ilə 147 manatdan 78 manata endirilib. Klinikadan aldığımız məlumata görə, bu paketdən istifadə edənlərin sayı heç də az deyil.

"Dayələr birbaşa uşağa xidmət göstərdiyindən infeksiyadan, yoluxucu xəstəliklərdən uzaq olmalıdırlar"

Müstəqil səhiyyə eksperti, tibb elmləri doktoru, professor Adil Qeybulla sözügedən paketə daxil edilmiş müayinə siyahısının yetərli olub-olmaması ilə bağlı "Report"a bildirib ki, Azərbaycanda dayələrin yoxlanılması ilə bağlı konkret sxem yoxdur: "Əsas məsələ nəinki dayələrin, eləcə də ictimai iaşə müəssisələrində çalışan, əhali ilə kütləvi təmasda olan şəxslərin hər biri hava damcı yolu ilə yayılan kontakt infeksiyalarının olmaması mühümdür. Virusların da əksəriyyəti məhz hava damcı yolu ilə yayılır. Dayələr də birbaşa uşağa xidmət göstərdiyindən onun mədə-bağırsaq sistemi tam təmiz olmalı, infeksiyadan, yoluxucu xəstəliklərdən uzaq olmalıdır. Onların hansı müayinələrdən keçməsi ilə bağlı konkret siyahı yoxdur, lakin hava damcı yolu ilə yayılan infeksiyalara yoluxmaması şərtdir".

Onun sözlərinə görə, bu gün Azərbaycanda "check-up" müayinəsi geniş yayılmayıb: "Sadəcə, bu müayinə ürək və bəzi xəstəliklər üzrə epizodik xarakter alıb. Ancaq hər bir xəstəliyin "Check-up" müayinəsi olmalıdır. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokolları var və onlar da Azərbaycanda tətbiq oluna bilər".

A.Qeybulla həmçinin qeyd edib ki, yuxarıdakı siyahıda olan müayinə paketi əsasən hava damcı yolu ilə keçən infeksiyalar, müəyyən viruslarla bağlıdır və bu da yetərli paketdir.

"Müasir dövrdə dayə tapmaq çətin məsələdir"

Psixoloq Könül Əhmədova bildirib ki, müasir dövrdə dayə tapmaq çətin məsələdir: “Bu gün heç bir valideyn övladını təsadüfi tapdığı insana əmanət etmir. Valideyn uşağını etibar edəcəyi dayə haqqında kifayət qədər məlumatlı olmalıdır. Dayə seçərkən onun şəxsiyyət vəsiqəsinə, təhsilli olub-olmamasına baxmaq labüddür. Hər bir dayənin əmək kitabçası olmalıdır. Bununla da dayənin harada işləməsi, neçə dəfə hansı səbəblərə görə işdən azad olunması barədə məlumat əldə etmək olar. Təbii ki, təcrübə stajı çox olan dayələrə üstünlük vermək daha yaxşı olardı. Bundan başqa, dayənin əvvəllər baxdığı uşağın ailələri ilə də əlaqə saxlamaq mümkündür.

Eyni zamanda, dayələrdə uşağa zərər vura biləcək xəstəliklər olmamalıdır. Bunun üçün də dayənin illik müayinə nəticələrinin qeyd olunduğu tibb kitabçaları lazımdır. Bunu da onlardan tələb etmək lazımdır. Yaxud da onu dəri dispanserinə, psixoloq və nevropatoloq yanına müayinəyə göndərmək lazımdır. Yekun rəy barəsində arayış da valideynlərə təqdim edilməlidir”.

Dayə axtarışının adətən dost-tanış tərəfindən aparıldığını deyən psixoloq qeyd edib ki, dayə seçərkən ilk növbədə onun xarici görkəminə üstünlük vermək lazımdır: “Dayənin xarici görünüşü uşağın ondan müsbət aura ala bilməsi üçündaha çox pozitiv olmalıdır. Dayə xüsusilə gülərüz və şirindilli olmalıdır. Dayə heç vaxt yalan deməməli və uşağı tək qoymamalıdır. Ən əsası isə ailədaxili problemi olmamalıdır. Çünki belə ailəsi olan dayə uşaqla məşğul olmaq əvəzinə, öz problemlərinə başı qarışıb, körpəyə laqeyd ola bilər”.

"Mənim üçün ən əsası dayənin mənəvi keyfiyyətlərinin olmasıdır"

Valideyn Günay Məmmədova 10 aylıq övladına dayə tutduğunu deyir: "Artıq 9 aydır dayə bizimlə birlikdədir. Mənim üçün ən əsası dayənin mənəvi keyfiyyətlərinin olmasıdır. Bunu aşkar etməyə isə hələlik heç bir texnologiyanın qadir olmadığını bilirəm. Bəli, sağlamlıq baxımından bu cür məlumatlar önəmlidir, amma heç də hər şey "Check-up"la bitmir. Klinikanın təklif etdiyi paketdə psixoloji test yoxdur. Halbuki, ən önəmlisi budur. Əslində, Azərbaycanda "Check-up" o qədər də əhəmiyyətli deyil. Çünki bizlər dayəni ya yaxından tanıdığımız insanlar arasından, ya da hansısa xidmətlər vasitəsilə seçirik. Yaxın tanıdığımız insanları da bu cür müayinəyə cəlb etmək ağlımıza gəlmir. Şirkətlərin təklif etdiyi dayələrin isə hərtərəfli yoxlanıldığını düşünürük. Ümumilikdə isə bir neçə əlavələr də daxil olmaqla, bu paket əhəmiyyətli təklifdir. Sadəcə, bu məsələdə ilkin olaraq valideynlərin maarifləndirilməsindən başlamalıyıq".


"Dayənin həmin arayışı pulla alıb-almadığını hardan bilmək olar?"

Digər valideyn Nurçin Bağırlı isə qeyd edib ki, dayənin iş təcrübəsinin çox olmasına daha çox önəm verir:

"Mənim uşağım balaca olduğundan dayənin hansısa xarici dil biliyinin olması elə də önəmli deyil. Dayə daha çox iş təcrübəsinə malik olmalıdır. Çünki qızımın qida qəbul etməsi problemdir. Ona görə də dayənin onu yedizdirə bilməsi üçün iş stajı çox olmalıdır. Digər önəmli məsələ dayənin arıq olmasıdır. Çünki onun aktiv şəkildə uşağın arxasınca qaçmağa gücü olmalıdır. Təbii ki, hər kəs səliqəli olmasını da istəyir".

O, uşağına dayəni dost-tanış vasitəsilə tapdığını deyir: "Çünki firmalara çox güvənmirəm. Bizim evimizdə kamera yoxdur və uşağı da dayə ilə tək buraxmıram. Hər zaman evdə anam, ya da özüm oluram".

N.Bağırlı dayənin sağlamlığı ilə bağlı hansısa tibbi arayış istəmədiyini də vurğulayıb: "Düzdür, tibbi arayış tələb edən ailələr olur. Amma dayənin həmin arayışı pulla alıb-almadığını hardan bilmək olar? Özümüz də aparsaq, ən azı 200 manat xərc çəkməliyik. Yəqin ki, bu kimi məsələlərə önəm verən ailələr də var, lakin mən övladımı Allaha əmanət edirəm. Ümumiyyətlə, bu kimi məsələlərdə çox da dərinə getməməyə çalışıram”. 

"Azərbaycanda sağlamlıq haqqında tibbi arayışı yalnız xarici ölkələrin vətəndaşları istəyə bilər"

Dayə Nəzakət Qiyasbəyli ali təhsilli və 20 illik iş təcrübəsi olduğunu deyir: “Mən bir müddət Türkiyədə işləmişəm. Türkiyədə hər şeyə önəm verirlər. Məsələn, düzgün danışıq tərzi, sağlamlıq çox vacibdir. Türkiyədə dayə işləmək üçün mütləq rəy verilməlidir. Çünki referanssız heç kim səni işə götürməz. Ancaq Azərbaycanda bu günə qədər hansısa ailədə dayədən sağlamlıq barədə tibbi arayışın istənilməsinə rast gəlməmişəm. Bunu yalnız Azərbaycanda yaşayan xarici ölkələrin vətəndaşları istəyə bilər. Çünki bu gün ölkədə dayə yalnız vasitəçilik yolu ilə işə götürülür. Azərbaycanda da hazırda övladlarına baxdığım ailəyə dostları rəy verib. Hətta hər işimdən razı qalsalar da, ingilis dilini bilmədiyimə görə anlaşa bilmədiyim ailələr olub. Dayənin də ailədən tələbi normal maaşının, həftədə bir gün istirahətinin, həmçinin 8-9 saatlıq işinin olmasıdır. Ailənin tələbi dayə üçün artıq olursa, bunu da danışıqla həll etmək mümkündür. Məsələn, ev işlərində onlara kömək etmək, yemək bişirmək əlavə ödənişlidir” .

Dayə işi ilə bağlı elanlarda yalnız iş stajının 3 ildən çox olması tələbi üstünlük təşkil edir

Araşdırmamız zamanı dayə işini təklif edən bir sıra elan saytlarında iş stajının 3 ildən çox olması tələbinin üstünlük təşkil etdiyini gördük.  Yəni, dayənin sağlamlığı haqqında tibbi arayışın olub-olmaması ilə bağlı hansısa şərt irəli sürülmür.

"Dövlət səhiyyə müəssisələri əhalini peşə qruplarına ayırmadan tam tibbi xidmət ilə təmin edir"

Səhiyyə Nazirliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əsasən, dövlət səhiyyə müəssisələrində müalicə-profilaktik, sanitariya-profilaktik, sanitariya-epidemiologiya xidmətləri, həmçinin ixtisaslaşdırılmış tibbi xidmətlər göstərilir: "Həmçinin, müvafiq qanunvericiliyə görə ölkədə uşaqların icbari dispanserizasiyası sahəsində müvafiq tədbirlər görülür. Dövlət səhiyyə müəssisələri əhalini peşə qruplarına ayırmadan tam tibbi xidmət ilə təmin edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi