Cənubi Koreya Azərbaycana ixrac etdiyi dərman preparatlarının sayını artırmaq istəyir - ARAŞDIRMA

Cənubi Koreya Azərbaycana ixrac etdiyi dərman preparatlarının sayını artırmaq istəyir - ARAŞDIRMA Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə danışıqların aparılması nəzərdə tutulub
Sağlamlıq
26 İyul , 2017 15:19
Cənubi Koreya Azərbaycana ixrac etdiyi dərman preparatlarının sayını artırmaq istəyir - ARAŞDIRMA

Bakı. 26 iyul. REPORT.AZ/ "Cənubi Koreyanın dərman istehsalçı şirkətləri Azərbaycan bazarında fəaliyyətlərini genişləndirmək niyyətindədirlər. Hazırda yerli bazarda 30 dərman istehsalçı şirkəti ilə təmsil olunan ölkə onların sayını artırmağı planlaşdırır". 

Bunu "Report"a açıqlamasında Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Oh Myunq Hun deyib.

Onun sözlərinə görə, Cənubi Koreya Azərbaycana dərman ixrac etmək istəyən şirkətlərinin sayını artırmaq məqsədi ilə İqtisadiyyat Nazirliyi və Tarif Şurası ilə görüşlər keçirməyi nəzərdə tutub.

"Azərbaycan hökumətinin nümayəndələri ilə görüş zamanı Cənubi Koreya şirkətlərinin ixrac zamanı üzləşdikləri əsas çətinliyi müzakirə etmək niyyətindəyik. Hazırda Cənubi Koreya Azərbaycan əczaçılıq bazarında 30 şirkət ilə təmsil olunur, halbuki bu rəqəm iki dəfə çox ola bilər. Buna səbəb Azərbaycana göndərilən dərman preparatlarının maya dəyərinin yerli bazarda reallaşdırılan qiymətdən əslində baha olmasıdır. Belə ki, Tarif Şurası dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi metodologiyasını müəyyən edərkən ölkələri 3 kateqoriya üzrə təsnifləşdirib. I kateqoriyaya Almaniya, İsveçrə, Fransa, İngiltərə, Norveç, II kateqoriyaya Avropa İttifaqına üzv olan 9 ölkə və Türkiyə, III kateqoriyaya isə C. Koreya da olmaqla digər ölkələr daxil ediliblər. Bu tənzimlənmə nəticəsində I, II  və III kateqoriya istehsalçılar arasında məhsulun istehsal qiymətinin fərqi də dəfələrlə dəyişib. Məsələn, eyni molekuladan olan dərmanın istehsalı I kateqoriya üçün 10 dollar, II kateqoriya üçün 7-8 dollar, III kateqoriya üçün isə 4-5 dollara başa gəlir", - agentliyin direktoru bildirib.

O.M.Hun vurğulayıb ki, Cənubi Koreyanın Azərbaycanda dərmanların tariflərinin tənzimləmə qaydalarına görə III kateqoriya ölkələr siyahısında olması bu ölkənin şirkətlərini narahat edir: "Cənubi Koreya dərman vasitələrinin qiymətlərinə yenidən baxılması və ölkənin III kateqoriya ölkələr siyahısından çıxarılaraq digər sıralara daxil edilməsi üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə müraciət etmək niyyətindəyik. Bu məsələ həllini taparsa, Azərbaycana ixrac əməliyyatlarını reallaşdıran Cənubi Koreya şirkətlərinin sayı da arta bilər. Bilirik ki, belə bir vəziyyətlə bəzi ölkələr qarşılaşıb və danışıqlardan sonra məsələ həllini tapıb".

Qeyd edək ki, Cənubi Koreya şirkətləri Azərbaycanda Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi metodologiyası hazırlanan zaman bu sahədə beynəlxalq "IHC" sertifikatına malik olmadığından birbaşa III kateqoriya ölkələr sırasına aid ediliblər. Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin Ticarət şöbəsinin nümayəndələri müvafiq məsələnin həlli üçün bu ilin fevral ayında Tarif Şurasının nümayəndələri ilə görüş keçiriblər.

Azərbaycanda dərmanların marketinqi ilə məşğul olan "HB Co LTD" şirkətinin icraçı direktoru Təşkilat Ağayev "Report"a bildirib ki, uzun illər bir çox Avropa ölkələrində, eləcə də ölkəmizdə dərmanların qiymətlərinin tənzimlənməsinə dair tədqiqatlar aparılıb: "Onların təcrübəsi Azərbaycanda da tətbiq olunub. Düzdür, bu sahədə müəyyən boşluqlar da olub. Bunun üçün vahid formula tapılmalı idi və birdən-birə bu qanunu işləmək, həyata keçirmək asan iş deyildi. Nəzəriyyə və təcrübə ayrı-ayrı məfhumlardır. Artıq həmin formula tapılıb və dərman ixrac edən ölkələr 3 kateqoriyaya bölünüblər. Əsas narahatlıq ondan ibarətdir ki, III kateqoriyaya daxil olan ölkələrin, istehsalçıların sayı çoxdur. Buraya İran, Misirlə eyni sırada ABŞ, Cənubi Koreya, Yaponiya və s. kimi ölkələr yer alıblar. Nəticədə hər üç kateqoriya üzrə istehsalçılar arasında qiymət fərqi 3-4 dəfə dəyişib. Məsələn, "Fayzer" şirkətinin eyni dərmanı həm Almaniya, həm də ABŞ-da istehsal olunur. Tarif Şurasının qərarından sonra ABŞ istehalı 4, Almaniya istehsalı isə 11 dollara baha başa gəlib. Qiymətləndirmə zamanı Avropadakı formula əsasən orta qiymət tapılırdı. Eyni zavodun istehsal etdiyi dərmanın böyük dozasının qiyməti kiçiyindən ucuz başa gəlirdi. Məsələn, "Meloksikan" dərmanının 7,5 mlgr. qiyməti 15 mlgr.-dan bahadır. Bu cür subyektiv nəticələr də alına bilir. Amma bunlar qorxulu deyil. Gələcəkdə çox güman ki, bunlara təkrar baxılacaq".

Onun sözlərinə görə, Cənubi Koreya dərmanlarının qiyməti həm onların istehsalçılarını, həm də uzun illər onlarla əməkdaşlıq etmək istəyən yerli şirlətləri də narahat edir: "Çünki bir çox dərmanlar qeydiyyatdan keçmələrinə, uzun illər idxalına baxmayaraq, artıq qiymət tarifinə əsasən onları idxal etmək sərfəli deyil. Həmin dərmanları maya dəyərindən aşağı reallaşdırmalı olurduq. Bunu də hər zaman bütün preparatlar üçün etmək mümkün deyil. Düzdür, həyati vacib olan dərmanların idxalında fasilə yaranmamasına çalışırıq".

"HB Co LTD" şirkətinin icraçı direktoru qeyd edib ki, Tarif Şurasının qərarından sonra bazarda bir çox dərmanlar yoxa çıxıb: "Bu proses qısamüddətlidir. Ancaq qara bazarın inkişafına yol açır. Həmin dərmanları qara bazarda tapmaq olur. Qanun pozuntularına yol verilir. Cənubi Koreya şirkətlərinin də məhsulları həqiqətən keyfiyyətlidir. Ona görə də ən azı II kateqoriya üzrə istehsalçı ölkələr siyahısında olmasını çox istərdik. Bununla da bir çox dərmanları ölkəyə idxalını bərpa edə bilək. Qiymətlərin tənzimlənməsi zamanı İqtisadiyyat Nazirliyi ilkin mərhələdə əczaçı şirkətlərlə çox görüşlər keçirdi. Onlar başqa cür mümkün olmadığını bildirdilər. Çünki hər bir təklifi nəzərə alanda subyektiv qərarların verilməsi lazım gəlir. Bu gün onlar bazarı konkret formul üzrə tənzimləməyə çalışırlar. Təbii ki, özləri də müəyyən boşluqların olduğunu bilirlər. Bizə növbəti mərhələlərdə bunlara yenidən baxılacağı bildirildi. Hazırda birinci mərhələni mövcud formul üzrə bitirməyə çalışırlar". 

Son xəbərlər

Orphus sistemi