Bu ilin 6 ayında “təcili tibbi yardım”a daxil olan müraciətlərin sayı açıqlanıb

Bu ilin 6 ayında “təcili tibbi yardım”a daxil olan müraciətlərin sayı açıqlanıb Səhiyyə Nazirliyi: Daxil olan çağırışların 37 minə yaxını uşaqlar üçün edilib
Sağlamlıq
5 İyul , 2016 15:44
Bu ilin 6 ayında “təcili tibbi yardım”a daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) 103 xidmətinə gündəlik ortalama 2 minə qədər çağırış daxil olur. 

Səhiyyə Nazirliyindən “Report”a verilən xəbərə görə, daxil olan bütün çağırışlar ilk növbədə icra edilməsi baxımından çeşidlənərək bölmə həkimlərinə ötürülür və icra edilir. Həyata keçirilən tədbirlər nəticəsində bu ilin yanvar-iyun ayları ərzində çox ağır vəziyyətdə olan 1 000 nəfərdən artıq insanın həyatı xilas edilib.

Ümumilikdə BŞTTTYS yanvar-iyun aylarında 300 mindən artıq ümumi müraciət daxil olub. Daxil olan müraciətlər nəticəsində 25 mindən artıq müraciət edən şəxs stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib. Daxil olan çağırışların 37 minə yaxını uşaqlar üçün edilib və 5 minə yaxın uşaq xəstəxanalara yerləşdirilib.

Hesabat dövründə 480 nəfər (onlardan 465 nəfər hospitalizasiya edilib) miokard infarktı, 1 500 nəfər (hospitalizasiya 1 400) insult, 1 600 nəfər (hospitalizasiya 1 590) doğuş, 900 nəfər (hospitalizasiya 800-dən artıq) isə avtoqəza zamanı xəsarət alanlarla bağlı müraciət edib. 

Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.

Eyni zamanda, pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olan az çəkili və ya ağır qüsurlarla doğulan 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya edilib.

Stansiya digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.

103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq mümkün olacaq.

2016-cı ilin başlanğıcından bu günədək BŞTTTYS-nın həkim və orta tibb işçilərinin ünvanına 83 təşəkkür məktubu və zəngləri də daxil olub. Həmin şəxslərə stansiyanın rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

Stansiyanın bütün həkimləri sertifikasiyadan keçib. Hazırda orta tibb işçilərinin sertifikat almaları istiqamətində müvafiq işlər aparılır.

Son xəbərlər

Orphus sistemi