Yuxarı
    Bağlamaq

    Bu il Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb

    Dəm qazından zəhərlənmə qapalı mühitdə, əsas da hamam otağında baş verir

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Bu il Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb"

    "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov deyib.

    Onun sözlərinə görə, bu il ərzində Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ilə bağlı 454 müraciət olub və onlardan 332-si səhiyyə ocağına yerləşdirilib: "Şöbəyə yerləşdirilənlərdən 10%-i ağır, 70%-i orta-ağır, yerdə qalanları isə yüngül vəziyyətdə xəstələr olub. Əsasən cavan və orta yaşlı (20-40 yaş arası) insanlar müraciət edir. Müraciətlər arasında dəm qazından zəhərlənmələr çoxluq təşkil edir. Bu da daha çox qapalı mühitdə, əsas da hamam otağında baş verir. Çox vaxt hamam otağının qapısı bağlı olur və bu da əlavə vaxt itkisinə səbəb olur".

    A.Maqsudov qeyd edib ki, benzin və ya qazla işləyən avadanlıqda hər zaman zəhərlənmə təhlükəsi var: "Əgər qapalı şəraitdə avtomobilin kondisioneri işləyirsə, mütləq dəm qazı maşının içərisinə keçə bilər. Ona görə də avtomobildə kondisoneri işə salarkən diqqətli olmaq lazımdır. Bu il maşında dəm qazından bir ölüm faktı qeydə alınıb. Keçən il isə iki nəfər gənc (oğlan və qız) avtomobildə zəhərlənmişdi. Onlardan qızı xilas etmək mümkün olmamışdı".

    Baş toksikoloq Kliniki Tibbi Mərkəzə ötən il dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərdən yalnız bir nəfərin dünyasını dəyişdiyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi