Yuxarı

Bu il Azərbaycanda 2 minə yaxın açıq ürək əməliyyatı həyata keçirilib

Ölkə üzrə 1 milyondan çox uşaq müxtəlif tibbi müayinələrə cəlb olunub

Bakı. 26 dekabr. REPORT.AZ/ "İlin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov qurumun ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, yalnız bu il Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 000-ə yaxın açıq ürək əməliyyatı icra olunub: "Bu il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb".

Şöbə müdiri onu da qeyd edib ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, bu ilin sentyabrında nazirliyin müvafiq əmri ilə “Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya" yaradılıb: "Qısa müddət ərzində 52 nəfər komissiyaya müraciət edib. Artıq 4 uşağa dövlət hesabına koxlear implantasiya əməliyyatı uğurla icra edilib".

Nazirlik rəsmisi əlavə edib ki, bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif tibbi müayinələrə cəlb olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi