Komissiya rəhbəri: "Bu günə kimi 56 860 həkim və orta tibb işçisi sertifikasiyadan keçib"

Komissiya rəhbəri: "Bu günə kimi 56 860 həkim və orta tibb işçisi sertifikasiyadan keçib" "Elmi tədqiqat institutlarında çalışan və yalnız elmi işlə məşğul olan mütəxəssislər sertifikasiyaya cəlb edilmirlər"
Sağlamlıq
30 Sentyabr , 2016 15:56
Komissiya rəhbəri: Bu günə kimi 56 860 həkim və orta tibb işçisi sertifikasiyadan keçib

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Bu günə kimi 26 860 həkimə və 38 000 orta tibb işçisinə imtahana buraxılış vərəqəsi verilib". 

"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyi yanında Sertifikasiya Komissiyasının rəhbəri Malik Abbasov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il sentyabrın sonuna olan məlumata görə 22 614 ali və 32 272 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi verilib: "İmtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən ali tibb təhsilli mütəxəssislərin təxminən 15-18%-ni, orta tibb işçilərinin isə 15%-ni təşkil edir".

M.Abbasov bildirib ki, elmi tədqiqat institutlarında çalışan və yalnız elmi işlə məşğul olan mütəxəssislər sertifikasiyaya cəlb edilmirlər: "Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Səhiyyə Nazirliyinin tabeliyindəki səhiyyə müəssiələrində çalışan tibb mütəxəssisləri kimi, özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri, eləcə də digər nazirliklərin tabeliyində olan səhiyyə müəssisələrində işləyən tibb mütəxəssisləri də sertifikasiyadan keçirlər".

Komissiya rəhbəri qeyd edib ki, Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçən səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə həmin işçilər beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Qeyd edək ki, Səhiyyə Nazirliyi yanında Sertifikasiya Komissiyası müasir informasiya texnologiyalarından istifadə edərək səhiyyə müəssisələrində çalışan və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesini həyata keçirən və tənzimləyən, onların peşəkarlıq səviyyəsini və peşə yararlığını yoxlayan qurumdur. 

2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Qaydaya əsasən, sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 60 sualdan ibarət olan sual vərəqəsində qeyd olunur.

İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.

Son xəbərlər

Orphus sistemi