Yuxarı

Bakıda yanan binada xəsarət alanların hamısı xəstəxanadan evə buraxılıb

Artıq Toksikologiya şöbəsində həmin binada xəsarət alanlardan heç kim qalmayıb

Bakı. 4 iyun. REPORT.AZ/ "Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğında xəsarət alan 33 nəfərin hamısı evə buraxılıb". Bu barədə "Report"a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, şöbədə müalicə olunan sonuncu xəstə dünən evə buraxılıb: "Artıq Toksikologiya şöbəsində həmin binada xəsarət alanlardan heç kim qalmayıb".

Şöbə müdiri bildirib ki, evə buraxılan xəstələrin vəziyyətlərində heç bir ağırlıq, təhlükə yoxdur: "Xəstəxanadan evə buraxılanlar qeydiyyatda olduqları ərazi üzrə sahə həkimlərinin nəzarəti altındadırlar. Bununla bağlı Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə tapşırıqlar verib. Baş Səhiyyə İdarəsinin tövsiyəsinə uyğun olaraq sahə həkimləri tez-tez yanan binada xəsarət alan, zəhərlənən şəxslərə baş çəkir, müayinələr aparırlar. Bu məlumatlar toplanır və ehtiyac yarananda bizimlə məsləhətləşirlər, onlara yardım göstərilir ".

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi