Binəqədidə yanan binada xəsarət alanlardan iki nəfərin xəstəxanada müalicəsi davam edir

Binəqədidə yanan binada xəsarət alanlardan iki nəfərin xəstəxanada müalicəsi davam edir Toksikologiya şöbəsindən evə buraxılanlar isə sahə həkimlərinin nəzarəti altındadır
Sağlamlıq
1 İyun , 2015 12:41
Binəqədidə yanan binada xəsarət alanlardan iki nəfərin xəstəxanada müalicəsi davam edir

Bakı. 1 iyun. REPORT.AZ/ "Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğında xəsarət alan 33 yaralıdan 2 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirir. 6 nəfər isə ötən həftənin sonunda evə buraxılıb". Bu barədə "Report"a şöbənin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, hazırda xəstəxanada olanlar natamam yanma, dəm qazı və tüstü ilə boğulma diaqnozu əsasında müalicə olunurlar: "Müalicəsi davam edən şəxslər 36 yaşlı Günay Məhərrəmova və 49 yaşlı Rəhilə Ələkbərovadır. Onların heç birinin həyatına təhlükə yoxdur. Rəhilə Ələkbərova günün ikinci yarısında evə buraxılacaq. Günay Məhərrəmovanın müalicəsi isə davam edir".

Şöbə müdiri bildirib ki, xəstəxanadan evə buraxılanlar qeydiyyatda olduqları ərazi üzrə sahə həkimlərinin nəzarəti altındadırlar. A.Maqsudov qeyd edib ki, bununla bağlı Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə tapşırıqlar verib: "Baş Səhiyyə İdarəsinin tövsiyəsinə uyğun olaraq sahə həkimləri tez-tez yanan binada xəsarət alan, zəhərlənən şəxslərə baş çəkir, müayinələr aparırlar. Bu məlumatlar toplanır və ehtiyac yarananda bizimlə məsləhətləşirlər, onlara yardım göstərilir. Toksikologiya şöbəsindən evə buraxılanların durumu normaldır, şikayətləri yoxdur".  

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi