Binəqədidə yanan binada xəsarət alanlar bu həftənin sonunda evə buraxılacaq

Binəqədidə yanan binada xəsarət alanlar bu həftənin sonunda evə buraxılacaq Toksikologiya şöbəsində müalicə alanların 2-si azyaşlıdır
Sağlamlıq
27 May , 2015 12:03
Binəqədidə yanan binada xəsarət alanlar bu həftənin sonunda evə buraxılacaq

Bakı. 27 may. REPORT.AZ/ "Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğında xəsarət alan 33 yaralıdan 8 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirir". Bu barədə "Report"a şöbənin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, hazırda xəstəxanda olanlardan 2-si azyaşlıdır: "Xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır və heç birinin həyatı təhlükəsi yoxdur. Həftənin sonuna kimi onların müalicələri davam edəcək".

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi