Yuxarı

Bəzi xəstəxanaların fəaliyyətində maliyyə yeyintiləri aşkar edilib

Bəzi müəssisələrdə artım və azalmaların xəstə sayına müvafiq olmadığı müəyyənləşdirilib

Bakı. 8 aprel. REPORT.AZ/ Hesablama Palatasının keçən il Respublika Neyrocərrahiyyə Xəstəxanası, Mingəçevir və Lənkəran şəhərlərinin, həmçinin Göygöl və Quba rayonlarının mərkəzi rayon xəstəxanaları və bu kimi xəstəxanaların tabeliyində olan tibb müəssisələrinin fəaliyyəti ilə bağlı auidit tədbirləri aparıb.

“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Audit sübutları ilə müəyyən edilib ki, nəzarət obyektlərində əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və bir sıra icra göstəriciləri arasında bəzi uyğunsuzluqlar mövcuddur.

Sənəddə qeyd olunub ki, nəzarət tərdbirlərinin nəticələri hər il proqnozlaşdırma prosesində kifayət qədər vakant yerlərin mövcudluğunun nəzərə alınmamasının son nəticədə artıq əmək haqqı məbləğlərinin ödənilməsinə şərait yaratdığını göstərir: "Təhlil, əsasən, tarifləşdirmə və əməyin ödənilməsi dərəcələrinin düzgün təyin edilməməsi, həmçinin, artım və əlavələrin düzgün hesablanılmaması və təcili yardım xidməti üzrə tibbi heyətə artıq əmək haqqı ödənilməsi və digər müxtəlif səbəblərdən artıq icra edildiyini göstərir.

Səhiyyə obyektlərində aparılan monitorinqin nəticəsində həmin dövrdə xəstə sayının digər dövrlə müqayisədə az olduğunu göstərir. Eyni zamanda, səhiyyə obyektlərində bir çarpayı gününə düşən vəsaitin məbləğində nəzərəçarpacaq fərqlərin mövcud olduğunu göstərir. Dərman xərcləri üzrə ən yüksək göstərici Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, ərzaq xərclərinə görə isə Quba Mərkəzi Rayon Xəstəxanasına aid olub.

Təhlil, həmçinin, şəkərli diabet xəstələrinin sayının dəyişməsi ilə bu xəstəlik üçün ayrılan dərman xərclərinin məbləğinin də uyğun olmadığını göstərir. Belə ki, bəzi səhiyyə müəssisələri üzrə xəstələrin sayının artmasına baxmayaraq şəkərli diabet xəstələri üzrə dərman xərclərinin azaldığı, bəzi müəssisələrdə isə artım və azalmaların xəstə sayına müvafiq olmadığı müəyyən edilib".

Müəyyən olunan nöqsanların aradan qaldırılması üçün Mingəçevir şəhər xəstəxanasında artıq saxlanılan 3 ştat vahidi ləğv olunub, mühafizə şöbəsinə artıq ödənilən 4,5 min manat məbləğində vəsaitlə qarşılıqlı üzləşmə aktının tərtib edildiyi qeyd olunub. Həmçinin, 2 mühasibin işdən azad edildiyi, 2 mühasibə şiddətli töhmət verildiyi və baş mühasibə xəbərdarlıq elan olunub.

Bundan başqa, Göygöl rayon xəstəxanasında baş mühasibə, 2 mühasibə, iqtisadçı və 2 əməkdaşa şiddətli töhmət verildiyi bildirilib.

Quba rayon xəstəxanasında işlərində nöqsanlara yol verən 6 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirlərinin tətbiq edildiyi, baş mühasibə, 2 mühasibə, iqtisadçı və 2 əməkdaşa töhmət verilib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasında işlərində nöqsanlara yol verən 5 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilib. Baş mühasibə, böyük mühasibə və 1 əməkdaşa töhmət verilib, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminə və Mərkəzi Rayon Xəstəxanasının təsərrüfat işləri üzrə əməkdaşına xəbərdarlıq edilib. 

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi