Yuxarı
    Bağlamaq

    Beynəlxalq Gənclər günündə gənclərin iştirakı ilə qanvermə aksiyası həyata keçirilib

    Məqsəd hemofiliyalı və talassemiyalı xəstələri üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır

    Bakı. 12 avqust. REPORT.AZ/ 12 avqust - Beynəlxalq Gənclər günündə Gənclər üçün Təhsil Mərkəzi, Qan Donorları Assosasiyası İctimai Birliyi, Mərkəzi Qan Bankı “Gəncliyin Sevgisi Sərhədsizdir” adlı kampaniya çərçivəsində gənclərin iştirakı ilə qanvermə aksiyası həyata keçirib.

    Bu barədə "Report"a Təhsil Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

    Aksiyanı giriş sözü ilə açan mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, bu gün aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış etməsi qan xəstəliyindən əziyyət çəkən insanlara qarşı sevginin sərhəd tanımadığına əyani sübutdur. 

    Onun sözlərinə görə, bu gün öz qanını nəinki həmvətənləri ilə həmçinin digər bir ölkə vətəndaşıyla bölüşməyə hazır olan gənclik sabah bəşəriyyət üçün istənilən fədakarlığa imza atacaq: “Çünki onların gözlərində insan sevgisi hər şeydən alidir”.

    Qan Donorları Assosasiyasının rəhbəri Fuad Əsgərov deyib ki, bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir. Bildirilib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır.

    Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd isti yay günlərində hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır. Qanvermə aksiyası həmçinin gənclərin sağlamlıq məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmağı nəzərdə tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi