Yuxarı

Beynəlxalq ekspertlər ana və uşaq sağlamlığının qorunması ilə bağlı Azərbaycan təcrübəsini təqdir edib

Tbilisidə “Cənubi Qafqaz regionunda ana və uşaq sağlamlığının qorunması” mövzusunda konfrans keçirilib

Tbilisi. 14 mart. REPORT.AZ/ Tbilisidə “Cənubi Qafqaz regionunda ana və uşaq sağlamlığının qorunması” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, BMT-nin Əhali Fondu, Dünya Səhiyyə Təşkilatı (DST) və Gürcüstanın Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda ana və uşaq sağlamlığının qorunması, reproduktiv sağlamlıq, ailə planlaması, infeksion xəstəliklərə, cinsi zorakılığa qarşı mübarizə sahəsində görülən işlər müzakirə olunub.

Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova konfransda çıxış edərək ölkədə bu sahədə görülən işlər, qəbul olunmuş dövlət proqramının, qanun və normativ hüquqi aktların icrası barədə məlumat verib. L.Məmmədova bildirib ki, ana və uşaqların sağlamlığının qorunması Azərbaycanda da prioritet təşkil edir: "Reproduktiv sağlamlığa dair 2007-ci ildə qəbul olunmuş dövlət proqramında ana və uşaq sağlamlığı, ailə planlaması, yeniyetmələrin reproduktiv sağlamlığı, cinsi yolla yoluxan infeksion xəstəliklərə, zorakılıq və seksual istismara qarşı mübarizə və s. məsələlər öz əksini tapıb. Proqramın qəbulundan sonra həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda mühüm nailiyyətlər əldə olunub. Ana ölümü 3 dəfəyədək azalıb".

L.Məmmədova deyib ki, Azərbaycanda prenetal səhiyyənin regionlaşdırılmasına nail olunub və 7 rayonda belə mərkəzlər yaradılıb: "Normativ uçot sənədlərində dəyişiklik olunub, xəstəliklərin beynəlxalq təsnifatı tətbiq edilib, klinik protokollar tərtib olunub. Azərbaycanda tərtib olunan 91 protokolun 30-u ana və uşaq sağlamlığı ilə əlaqəlidir. Bu da ana və uşaq sağlamlığı sahəsində ən yüksək göstəricidir".

Səhiyyə Nazirliyinin nümayəndəsi görüləcək işlərdən də danışıb. Bildirib ki, yeniyetmələrin reproduktiv sağlamlığı, ailə planlaması və s. məsələlər hələ də tam öz həllini tapmayıb. Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Sonra məruzə ətrafında müzakirələr aparılıb.

BMT Əhali Fondunun Cənubi Qafqaz və Azərbaycan üzrə nümayəndəsi Fərid Babayev "Report"a müsahibəsində deyib ki, konfransda Səhiyyə Nazirliyinin nümayəndəsinin Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması barədə məruzəsi maraqla qarşılanıb: "Müzakirələr zamanı Azərbaycanda ana və uşaqların sağlamlığı, reproduktiv sağlamlıq, erkən nikahların, eləcə də QİÇS və digər infeksion xəstəliklərin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib”.

Beynəlxalq ekspertlər Azərbaycanda 2007-2015-ci illər arasında həyata keçirilən tədbirləri, qəbul olunmuş dövlət proqramlarının icrasını xüsusilə qeyd ediblər, Azərbaycanda ana ölümünün 2,3 dəfə azalması böyük nailiyyət kimi qiymətləndirilib. Azərbaycanda ana və uşaq sağlamlığı ilə bağlı yeni konsepsiya və fəaliyyət planının hazırlanması BMT və DST ekspertləri tərəfindən xüsusi qeyd olunub. Bildirilib ki, 2017-2021-ci illəri əhatə edəcək sənəddə hamilə qadınlara göstərilən antenatal və prenatal (doğuşdan əvvəl və doğuşdan sonra) xidmət, ailə planlaması, reproduktiv seçim, cinsi yolla yoluxan infeksion xəstəliklərə, selektiv abortlara, erkən nikaha qarşı mübarizə, yeniyetmə və reproduktiv yaşına çatan insanlarla təbliğat məsələlərin əksini tapması digər ölkələr üçün nümunədir.

Konfransda beynəlxalq təşkilatların, Şərqi Avropa, Orta Asiya və Cənubi Qafqaz ölkələrinin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi