​Səhiyyə Nazirliyinin şöbə müdiri: "Hər hansı bir dərman vasitəsinin bazardan çıxması onun qıtlığına səbəb olmamalıdır"

​Səhiyyə Nazirliyinin şöbə müdiri: "Hər hansı bir dərman vasitəsinin bazardan çıxması onun qıtlığına səbəb olmamalıdır" "Qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb"
Sağlamlıq
8 Sentyabr , 2015 13:51
​Səhiyyə Nazirliyinin şöbə müdiri: Hər hansı bir dərman vasitəsinin bazardan çıxması onun qıtlığına səbəb olmamalıdır

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Əczaçılıq bazarından real qiymətindən 300-500 faiz baha satılan dərman vasitələrinin çıxması, hətta alqışlanan haldır".

"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin direktoru Fərid Əliyev deyib.

O bildirib ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur: "Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır. Beləliklə, hər-hansı bir dərman vasitəsinin dərman bazarından çıxması onun qıtlığına səbəb olmamalıdır, çünki demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur. Həmçinin onu da qeyd edim ki, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin keyfiyyəti eyni dərəcədə yüksəkdir. Hər hansı dərman vasitəsinin ölkəyə idxalının azalması əczaçılıq bazarında qıtlığın yaranmasına səbəb olmayacaq".

Mərkəzin direktoru bəzi dərman vasitələrinin qiymətlərinin yüksək olmasına da münasibət bildirib: "Bütün dərman vasitələri iki qrupa bölünür: orijinal və generik dərmanlar. İcad olunub, tədqiqatlar və kliniki sınaqları aparılmış və ilk dəfə istehsal edilmiş dərman vasitəsi orijinal hesab olunur və aydın məsələdir ki, onun qiyməti yüksək olacaq, çünki istehsalçıların gələcəkdə yeni dərman vasitələrinin işləyib-hazırlamaq və istehsal etməsinin əlverişli olması üçün 20 illik patent hüququ verilir. Həmin müddət ərzində dərman vasitəsinin istehsalçısı həmin tərkibdə olan dərman vasitəsinin yeganə sahibi olur. Lakin, patent müddəti bitdikdən sonra həmin tərkibdə dərman vasitələrin istehsal edilməsi hüququ digər istehsalçılara verilir. Beləliklə patent müddəti bitdikdən sonra istehsal olunan dərman vasitələri generik sayılır. Yəni onların istehsalçıları, dərman vasitəsinə aid tədqiqatlar aparmadan istehsalına başlayırlar və əlbəttə ki, bu halda generikin qiyməti orijinaldan aşağı olacaq. Generik dərman vasitələrinin də müxtəlif istehsalçıları eyni tərkibli dərman vasitələrinə müxtəlif qiymət təyin edirlər ki, bu da istehsalçı ölkənin siyası-iqdisadi vəziyyətindən və qiymətə təsir göstərən bir sıra digər faktorlardan asılıdır. Lakin, bu o demək deyil ki, onların keyfiyyəti fərqlənir. Bir daha deyirəm, keyfiyyətin yeganə zəmanəti - dövlət qeydiyyatıdır. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri haqqında məlumatı bizim Mərkəzin rəsmi saytında əldə edə bilərsiniz".

F.Əliyev dərman vasitələrinin keyfiyyətinə bu sahəyə milli nəzarətedici orqan olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən çox ciddi nəzarət olunduğunu vurğulayıb: "Qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu təsdiqlənib. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi sisteminin yaranması ehtiyacı ondan irəli gəlirdi ki, bu günə qədər istehsalçı müəssisələr Azərbaycan Respublikası bazarı üçün qiyməti özləri müəyyən edirdilər və çox vaxtı bu qiymət qiymətlərə dövlət nəzarəti sistemi olan dövlətlərdə olan qiymətlərdən yüksək idi. Qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra bu cür hallara son qoyulacaq və dərmanların qiymətləri istehlakçılar üçün münasib olacaq".

Son xəbərlər

Orphus sistemi